Əsas səhifə   |   Sual-cavab   |  Saytın xəritəsi   |  Əlaqələr




    HAKİMLƏRİN İXTİSASININ ARTIRILMASI DİQQƏT MƏRKƏZİNDƏDİR

    Ölkə Prezidenti cənab İlham Əliyevin ədalət mühakiməsinin səmərəliliyinin artırılması ilə bağlı tapşırıqlarının icrası üzrə həyata keçirilən tədbirlər çərçivəsində hakimlərin iş yükünün azaldılması məqsədilə hakim ştatlarının sayı 50 faiz artırılmış, 160-dək yüksək hazırlıqlı hakimliyə namizəd Avropada ən mütərəqqi qaydalarla seçilib hakim vəzifələrinə təyin edilmişlər.
    İlk dəfə hakim vəzifələrinə təyin edilmiş şəxslərin ixtisaslarının artırılması Məhkəmə-Hüquq Şurası tərəfindən daim diqqət mərkəzində saxlanılır, bu sahədə beynəlxalq təşkilatlarla sıx işgüzar əlaqələr qurulur. ABŞ-ın ölkəmizdəki səfirliyi ilə səmərəli əməkdaşlıq nəticəsində yeni təyin edilmiş hakimlər üçün “Hakimlərin müstəqilliyi və məhkəmə zalının idarə olunması (ABŞ təcrübəsi)” mövzusunda 4 günlük seminar təşkil olunmuşdur.
    ABŞ-dan olan nüfuzlu mütəxəssislər - Las Veqas və Nyu Orlean şəhərlərinin baş hakimləri F.Pro və H.Berriqan, dairə prokuroru C.Peterson və professor A.Uayner tərəfindən keçirilən seminar 50 hakimi əhatə etmişdir.
    Məhkəmə-Hüquq Şurasında interaktiv metodlarla təşkil olunmuş seminarda insan haqlarının etibarlı təmin edilməsi, hakim etikası və peşəkarlığı, məhkəmə zalının idarə olunması, sürətli məhkəmə baxışı və s. mövzular üzrə mühazirələr dinlənilmiş, səmərəli təcrübə mübadiləsi və müzakirələr aparılmışdır.
    Amerikalı mütəxəssislər seminarda iştirak edən hakimlərin hazırlığından məmnun olduqlarını, bunun Azərbaycanda hakimlərin seçilməsi prosesinin yüksək tələbkarlıqla və obyektiv həyata keçirilməsinə dəlalət etdiyini vurğulamışlar.






All Rights Reserved © 2005 Judicial Legal Сouncil of the Azerbaijan Republic