Əsas səhifə   |   Sual-cavab   |  Saytın xəritəsi   |  Əlaqələr




    MƏHKƏMƏ FƏALİYYƏTİNİN TƏKMİLLƏŞDİRİLMƏSİ ÜZRƏ
    TƏDBİRLƏR GÖRÜLÜR


    Ölkəmizdə ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə həyata keçirilən kompleks tədbirlər çərçivəsində yeni məhkəmələr, o cümlədən regional apellyasiya məhkəmələri yaradılmış, hakimlərin iş yükünün azaldılması, bununla da işlərə daha keyfiyyətli baxılmasının təmin edilməsi məqsədilə hakim ştatlarının sayı 50 faiz artırılmış, 160-dək yüksək hazırlıqlı hakimliyə namizəd ən mütərəqqi qaydalarla seçilib hakim təyin edilmiş, fəaliyyəti mənfi qiymətləndirilən və nöqsanlara yol verən 40-dək hakimin səlahiyyətlərinə xitam verilmişdir.
    Məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə ardıcıl tədbirlər davam etdirilir, bu sahədə beynəlxalq təşkilatlarla sıx əlaqələr qurularaq, onların imkanlarından səmərəli istifadə olunur.
    ATƏT tərəfindən həyata keçirilən məhkəmələrin monitorinqi layihəsi üzrə hazırlanmış aralıq hesabatı Məhkəmə-Hüquq Şurasında şura üzvlərinin, yüksək instansiya məhkəmələri hakimlərinin, məhkəmə sədrlərinin, habelə Ədliyyə Nazirliyinin, Baş prokurorluğun və vəkillər kollegiyası nümayəndələrinin iştirakı ilə müzakirə edilmişdir.
    Qeyd olunmuşdur ki, Ədliyyə Nazirliyi tərəfindən məhkəmə monitorinqləri mütəmadi keçirilərək, qanunvericiliyin pozulması və digər neqativ hallara yol verilməsinə görə bir çox hakimlər intizam məsuliyyətinə cəlb edilmiş, məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə tədbirlər görülmüşdür. İclasda ATƏT tərəfindən həyata keçirilən bu layihənin də və obyektiv monitorinqin əhəmiyyəti vurğulanaraq, aralıq hesabatındakı məlumatlar müzakirə olunmuş, əvvəllər yol verilən bir çox nöqsanların aradan qaldırıldığı bildirilmiş, faydalı fikir mübadiləsi aparılmışdır.
    Həmçinin, iclasda ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məhkəmə islahatının müsbət nəticələri qeyd olunmuş, məhkəmə infrastrukturunun müasirləşdirilməsinin və yeni informasiya-komunikasiya texnologiyalarının tətbiqinin ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına xidmət etdiyi və insanların məhkəməyə müraciət imkanlarını asanlaşdırdığı vurğulanmışdır.






All Rights Reserved © 2005 Judicial Legal Сouncil of the Azerbaijan Republic