|
Siz qanunvericiliklə müəyyən edilmiş sənədlərinizi təqdim etmiş və hakim vəzifəsinə namizədliyiniz qeydə alınmışdır.
Hakimlərin Seçki Komitəsi hakim vəzifəsində işləmək istəyinizi təşviq edir və Sizə uğurlar arzulayır!
Bizim məqsədimiz Sizə imtahanlarda hüquqi biliyinizi nümayiş etdirmək üçün maksimum əlverişli şərait yaratmaq və obyektivliyi təmin etməkdir.
Siz imtahanda uğur qazanmaq üçün yüksək bilik nümayiş etdirməklə yanaşı yaddaş kitabçasında göstərilənləri mütləq bilməli və imtahanın keçirilməsi qaydalarına əməl etməlisiniz.
Məhkəmə-Hüquq Şurasının
11 mart 2005-ci il tarixli qərarı ilə təsdiq edilmişdir
VAKANT HAKİM VƏZİFƏLƏRİNƏ HAKİM OLMAYAN NAMİZƏDLƏRİN SEÇİLMƏSİ
Q A Y D A L A R I
1. Ümumi müddəalar
1.1. Bu Qaydalar Azərbaycan Respublikası Konstitusiyasının 126-cı maddəsinə, Məhkəmələr və hakimlər haqqında və Məhkəmə-Hüquq Şurası haqqında Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq hazırlanmışdır.
1.2. Bu Qaydalar Azərbaycan Respublikası Konstitusiyasının 126-cı maddəsinin birinci hissəsinin və Məhkəmələr və hakimlər haqqında Azərbaycan Respublikası Qanununun 93-cü maddəsinin ikinci hissəsinin tələblərinə cavab verən hakim olmayan namizədlərin (bundan sonra - namizədlər) vakant hakim vəzifələrinə seçilməsi prosedurlarını müəyyən edir.
2. Vakant hakim vəzifələrinə namizədlərin seçilməsi
2.1. Namizəd imtahan keçirilən auditoriyada "İmtahana buraxılış vərəqəsi"ndə göstərilən sırada və yerdə oturduqdan sonra nəzarətçinin izahatını diqqətlə dinləməlidir. Aydın olmadıqda nəzarətçiyə müraciət etmək olar.
2.2. Vakant hakim vəzifəsinə namizədlərin seçilməsi namizədlərin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü, hakim vəzifəsinə yararlı və layiqli olmasını müəyyən etmək məqsədi ilə şəffaf surətdə yazılı və şifahi imtahanlar, ilkin uzunmüddətli tədris kursları (hakimlər üçün baza təhsili) və yekun müsahibə yolu ilə həyata keçirilir.
2.3. İmtahanların nəticələri Hakimlərin Seçki Komitəsi tərəfindən qiymətləndirilir. Hakimlərin Seçki Komitəsi bu işə öz tərkibindən formalaşdırdığı ad hoc komissiyanı cəlb edə bilər. İmtahan zamanı ad hoc komissiyanın üzvləri Hakimlərin Seçki Komitəsi üzvünün bütün hüquq və vəzifələrinə malik olurlar.
2.4. Namizədlə yaxın qohumluq və ya şəxsi münasibətdə olan, habelə onun qərəzliliyinə əsas verə bilən hallar olduqda Hakimlərin Seçki Komitəsinin üzvü həmin namizədlə aparılan imtahanda və ya müsahibədə iştirak etmir. Bu əsaslar olduqda namizəd imtahan başlanmazdan ən geci 1 gün əvvəl Komitə üzvlərinin hər hansı birinə etiraz edə bilər. Etiraza Hakimlərin Seçki Komitəsinin iclasında baxılır.
2.5. Yazılı və şifahi imtahanlardan müvəffəqiyyətlə keçən namizədlər avtomatik şəkildə uzunmüddətli təlim mərhələsinə keçirilirlər. Təlim mərhələsi tədris müəssisəsində təşkil olunur.
2.6. Təlim mərhələsi başa çatdıqdan sonra hər bir namizəd qiymətləndirilir. Namizədin qiymətləndirilməsi tədrisin yekunları və namizədin Hakimlərin Seçki Komitəsi üzvləri ilə yekun müsahibənin əsasında həyata keçirilir.
2.7. Namizədlərin qiymətləndirilməsi bal sistemi ilə aparılır. Namizədlər Hakimlərin Seçki Komitəsi tərəfindən topladıqları ballara uyğun sıralanırlar.
2.8. Namizədlərin qiymətləndirilməsinin nəticələri və ixtisaslaşdırılması haqqında rəylər (mülahizələr) Məhkəmə-Hüquq Şurasına təqdim olunur. Məhkəmə-Hüquq Şurası hakim vəzifəsinə seçilmiş namizədlər barəsində Hakimlərin Seçki Komitəsinin təkliflərinə baxır, onların seçilməsində qanunvericiliyin və bu Əsasnamənin tələblərinə əməl olunmasını aydınlaşdırır və namizədlərlə söhbət aparır.
2.9. Söhbətin nəticələrinə və Hakimlərin Seçki Komitəsinin müvafiq rəyinə (mülahizəsinə) əsaslanaraq Məhkəmə-Hüquq Şurası namizədlərin ixtisaslaşdırılmasını aparır və hakim vəzifəsini tutmaq üçün müəyyən etdiyi minimum və daha çox bal toplamış namizədlərin vakant hakim vəzifələrinin sayına uyğun olaraq hakim vəzifəsinə təyin edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinə təqdimat verir.
3. Yazılı və şifahi imtahanlar
3.1. Hakimlərin Seçki Komitəsi vakant hakim vəzifələrini tutmaq istəyən şəxslərdən ərizələrin qəbulunun başlanma tarixini və son müddətini, bu şəxslər tərəfindən təqdim edilməli olan sənədlərin siyahısını, imtahan suallarının annotasiyasını (imtahan suallarının əhatə etdiyi sahələr barədə məlumat), onların tərtibində istifadə edilmiş qanunların və digər normativ-hüquqi aktların siyahısını, habelə vakant hakim vəzifələrinə namizədlərin seçilməsi ilə bağlı başqa məlumatları mütəmadi olaraq kütləvi informasiya vasitələrində və internetdə dərc edir.
3.2. Yazılı və şifahi imtahanlarda iştirak etmək arzusunda olan, Azərbaycan Respublikası Konstitusiyasının 126-cı maddəsinin birinci hissəsinin və Məhkəmələr və hakimlər haqqında Azərbaycan Respublikası Qanununun 93-cü maddəsinin ikinci hissəsinin tələblərinə cavab verən hüquqşünaslar Hakimlərin Seçki Komitəsinə aşağıdakı sənədləri təqdim edirlər:
3.2.1. Hakimlərin Seçki Komitəsinə ərizə;
3.2.2. şəxsiyyət vəsiqəsi və onun surəti;
3.2.3. kadrların şəxsi uçot vərəqəsi;
3.2.4. tərcümeyi-hal;
3.2.5. ali təhsil haqqında sənəd (diplom) və onun surəti;
3.2.6. əmək kitabçasının təsdiq edilmiş (notarial və yaxud kadrlar şöbəsində) surəti;
3.2.7. fiziki və əqli cəhətdən sağlamlıq barədə tibbi arayış;
3.2.8. 4x6 ölçüdə 4 ədəd fotoşəkil.
3.3. Surətləri ilə müqayisə edildikdən sonra şəxsiyyət vəsiqəsi və ali təhsil haqqında sənəd (diplom) geri qaytarılır.
3.4. Ərizələrin qəbulu müddəti başa çatdıqdan sonra təqdim olunan sənədlər (göstərilən müddət üçün poçtla göndərilən sənədlər istisna olmaqla) qəbul edilmir.
3.5. Sənədlərin qəbulu Məhkəmə-Hüquq Şurasının Aparatı tərəfindən aparılır.
3.6. Məhkəmə-Hüquq Şurasının Aparatı sənədlərin tamlığını, düzgünlüyünü və qanunvericiliklə müəyyən edilmiş şərtlərə uyğunluğunu yoxlayır və sənədləri ərizələrin qəbulu jurnalında qeydiyyata alır.
3.7. Natamam və ya bu qaydalara uyğun olmayan sənədlər qəbul edilmir və ərizəçiyə aşkar olunmuş çatışmazlıqlar izah olunur. Qəbul edilmiş sənədlərdə sonradan uyğunsuzluq aşkarlanarsa, sənədlər əsaslandırılmış cavabla geri qaytarılır. Çatışmazlıqlar aradan qaldırıldıqdan sonra sənədlər ərizələrin qəbulu üçün müəyyən edilmiş müddət çərçivəsində yenidən təqdim oluna bilər.
3.8. Təqdim edilmiş sənədlər bu Qaydaların tələblərinə uyğun olduqda namizəd ümumi siyahıya salınır, ona sənədlərin qəbulu barədə qəbz və Hakim vəzifəsinə namizədin yaddaş kitabçası verilir. Yaddaş kitabçasında yazılı və şifahi imtahanların, təlim mərhələsinin və yekun müsahibənin prosedur məsələləri, habelə vakant hakim vəzifəsinə namizədlərin seçilməsi ilə bağlı digər zəruri məlumatlar əks etdirilir.
3.9. Qeydiyyata alınmış hər bir namizədə şəxsi eyniləşdirmə kodu verilir. Şəxsi eyniləşdirmə kodu rəqəmlə ifadə olunur və namizədin sənədlərinin anonimliyinin qorunmasına xidmət edir.
3.10. Yazılı imtahana 2 gün qalmış hər bir namizədə İmtahana buraxılış vərəqəsi verilir. Bu sənədə namizədin fotoşəkli yapışdırılır. İmtahana buraxılış vərəqəsində habelə namizədin şəxsi eyniləşdirmə kodu, imtahan keçirilən ünvan, tarix, saat, auditoriyanın nömrəsi, auditoriyadakı sıra və yer nömrəsi göstərilir.
3.11. Yazılı imtahanda yalnız şəxsi eyniləşdirmə kodundan istifadə olunur. İmtahana buraxılış vərəqəsinə namizədin adının, soyadının və şəxsiyyətini müəyyən edən digər məlumatların yazılmasına yol verilmir. Bu qaydanı pozmuş namizəd imtahandan kənarlaşdırılır.
3.12. Namizədlər İmtahana buraxılış vərəqəsini və şəxsiyyət vəsiqəsini mütləq imtahana gətirməlidirlər. Göstərilən sənədlərin biri olmadıqda namizəd imtahana buraxılmır. İmtahana buraxılış vərəqəsini itirmiş yaxud həmin sənədə düzəliş etmiş şəxs imtahana buraxılmır və ona yeni İmtahana buraxılış vərəqəsi verilmir.
3.13. İmtahanlar qabaqcadan təyin olunmuş tarixdə Hakimlərin Seçki Komitəsi tərəfindən keçirilir.
3.14. Yazılı imtahanın keçirilməsini təmin etmək məqsədi ilə Hakimlərin Seçki Komitəsi tərəfindən imtahan rəhbəri və imtahan nəzarətçiləri təyin olunurlar. İmtahan nəzarətçilərinin sayı hər auditoriya üzrə ən azı iki nəfər olmalıdır.
3.15. Namizəd yazılı imtahanın keçirilmə qaydalarını pozduqda, yəni saxta sənədlər təqdim etdikdə, köçürməyə yol verdikdə, imtahana rabitə vasitəsi gətirdikdə, imtahana öz yerinə başqasını göndərdikdə yaxud imtahanın keçirilmə qaydalarına zidd digər hərəkətlərə yol verdikdə imtahanın rəhbəri və nəzarətçi bu barədə akt tərtib edir və namizəd imtahandan kənarlaşdırılır. Müvafiq pozuntular imtahan başa çatdıqdan sonra aşkar edilərsə, namizədin nəticələri Hakimlərin Seçki Komitəsi tərəfindən ləğv edilir.
3.16. Yazılı imtahanda yol verilməyən hərəkətlər, habelə yazılı imtahana gətirilməsi qadağan edilən əşyaların siyahısı Hakimlərin Seçki Komitəsi tərəfindən təsdiq edilir və Hakim vəzifəsinə namizədin yaddaş kitabçasına daxil edilir.
3.17. İmtahanların şəffaflığının təmin edilməsi məqsədilə Hakimlərin Seçki Komitəsi beynəlxalq, habelə hökumət və qeyri-hökumət təşkilatlarını, kütləvi informasiya vasitələrini imtahanları müşahidə etməyə dəvət edir. Dəvət olunmuş və ya imtahanları müşahidə etmək təşəbbüsü ilə müraciət etmiş təşkilatlar və kütləvi informasiya vasitələri öz nümayəndələrinin siyahılarını yazılı imtahana ən geci 7 gün qalmış Hakimlərin Seçki Komitəsinə təqdim edirlər. Təqdim edilmiş nümayəndələr Komitə tərəfindən akkreditə olunurlar.
3.18. Müşahidəçilər tərəfindən imtahanın gedişinə müdaxilə edilməsi, habelə namizədlərin fikrinin yayındırılması və onların imtahan prosesindən ayrılması yol verilməzdir. Müşahidəçilər belə hərəkətlərə yol verərlərsə, namizədlər bu faktı imtahan rəhbərinin nəzərinə çatdıra bilərlər.
3.19. Yazılı imtahan çox seçimli sual vərəqəsi üzrə idarə olunan elektron-hesablayıcı maşın (kompüter) vasitəsilə həyata keçirilən və bu Qaydaların 3.37-cı və 3.38-ci bəndlərində nəzərdə tutulmuş prosedurlarla seçilmiş inşa mövzuları üzrə aparılan yazılı sınaq fazalarından ibarət olmaqla təşkil edilir.
3.20. Yazılı imtahanın birinci fazasının sualları konfidensiallıq gözlənilməklə Hakimlərin Seçki Komitəsi tərəfindən tərtib edilir. Komitə suallar toplusunun tərtib edilməsinə hüquq sahəsi və digər sahələr üzrə mütəxəssislər cəlb edə bilər. Hazırlanmış suallar toplusunda sualların sayı imtahanda istifadə ediləcək sualların sayından azı 10 dəfə çox olmalıdır.
3.21. Elektron-hesablayıcı maşın (kompüter) vasitəsilə həyata keçirilən yazılı imtahanın sual vərəqəsi 100 sualdan ibarət olur və imtahan 4 saat müddətində keçirilir.
3.22. Yazılı imtahanın birinci fazasının suallarının hazırlanması imtahana ən azı 3 gün qalmış başa çatdırılmalıdır. Suallar toplusuna Hakimlərin Seçki Komitəsinin qapalı iclasında baxılıb təsdiq edildikdən sonra həmin suallar toplusu zərfə qoyulub möhürlənməklə xüsusi yerdə saxlanılır.
3.23. Hakimlərin Seçki Komitəsi həmçinin yazılı imtahanın birinci fazasının suallar toplusuna dair düzgün cavabların konfidensial siyahısını tərtib edir. Siyahı Hakimlərin Seçki Komitəsinin üzvləri tərəfindən imzalanır, ayrıca zərfə qoyularaq möhürlənir və Komitədə xüsusi yerdə saxlanılır.
3.24. Namizəd imtahanın başlanmasına azı bir saat qalmış imtahan verəcəyi binanın qarşısına gəlməli (ünvan İmtahana buraxılış vərəqəsində göstərilir), binanın girişində İmtahana buraxılış vərəqəsini və şəxsiyyət vəsiqəsini mühafizə işçisinə təqdim edib binaya daxil olmalı və İmtahana buraxılış vərəqəsində göstərilən auditoriyada öz yerini tutmalıdır. Hər parta arxasında bir namizəd əyləşir.
3.25. Yazılı imtahan bir auditoriyada keçirilir. Bu mümkün olmadıqda şəffaflığın təmin edilməsi məqsədilə imtahan prosesi digər auditoriyalara random (təsadufi görüntü) rejimində birbaşa (canlı) video translyasiya olunur.
3.26. Yazılı imtahanın birinci fazasının sualları bilavasitə imtahan başlamazdan əvvəl, imtahan keçirilən auditoriyaların birində aşkar surətdə ümumi suallar toplusundan seçilir. Bunun üçün suallar toplusu olan zərf müşahidəçilərin iştirakı ilə açılır və elektron hesablayıcı maşına (kompüterə) daxil edilir. Elektron hesablayıcı maşın (kompüter) verilmiş proqrama uyğun olaraq ümumi sual bankından 100 sual seçir. Seçilmiş suallar yerindəcə, bu mümkün olmazsa, seçilmiş sualların nəzarət nüsxəsi namizədlərin gözü qarşısında konfidensial saxlanılmaqla qısa müddətdə müvafiq mətbəədə namizədlərin sayına uyğun olaraq çoxaldılır və imtahan verənlərə ötürülmək üçün imtahan rəhbərinə verilir. Sualların seçilməsi və çoxaldılması imtahan keçirilən auditoriyaların birində həyata keçirildikdə bu prosedur imtahan keçirilən digər auditoriyalara birbaşa (canlı) video translyasiya olunur.
3.27. Suallar seçildikdən sonra imtahan rəhbəri nəzarətçi və müşahidəçi ilə birlikdə cavab kartı zərfinin möhürünü açır, cavab kartını namizədlərə paylayır və onun doldurulması qaydalarını izah edir. Daha sonra namizədlərə sual kitabçaları paylanır.
3.28. Hər auditoriyada imtahanın başlanma vaxtı sual kitabçası paylanıb qurtardığı andan hesablanır.
3.29. Cavab kartında düzgün cavabın yerləşdiyi hərfli dairə qara və ya tünd göy rəngdə yazan diyircəkli qələmlə doldurulmalıdır. Korlanmış cavab kartı dəyişdirilmir. Bir suala aid olan bir neçə dairə qaralanarsa, həmin cavab etibarsız sayılır və ümumi nəticəyə hesablanmır. Cavab kartı onu doldurmuş şəxs tərəfindən imzalanır.
3.30. İmtahan qurtardıqdan sonra namizəd doldurduğu cavab kartını imtahan nəzarətçilərinə təhvil verir və auditoriyanı tərk edir.
3.31. İmtahanın başa çatması barədə protokol tərtib edilir. Protokol nəzarətçilər və iki nəfər namizəd tərəfindən imzalanır. Protokol və cavab kartları zərfə qoyulur, möhürlənir, imtahan rəhbərinə verilir. İmtahan rəhbəri möhürlənmiş zərfi Hakimlərin Seçki Komitəsinin sədrinə təqdim edir.
3.32. Cavab kartlarının yoxlanılmasını Hakimlərin Seçki Komitəsi həyata keçirir.
3.33. Çox seçimli sual vərəqəsi üzrə yazılı imtahanın cavab kartlarının yoxlanılması və balların hesablanması müvafiq mütəxəssislər cəlb edilməklə avtomatlaşdırılmış rejimdə elektron hesablayıcı maşınlar (kompüterlər) vasitəsilə həyata keçirilir. Bunun üçün möhürlənmiş cavab kartları və imtahan suallarına düzgün cavabların siyahısı cəlb edilmiş mütəxəssislərə təqdim edilir.
3.34. Hər bir imtahan sualına düzgün cavab 1 balla qiymətləndirilir (cəmi 100 mümkün bal). Səhv cavablar və ya sualın cavabsız qoyulması 0 bala bərabər tutulur.
3.35. Cavab kartlarının yoxlanılması başa çatdıqdan sonra imtahanın nəticələri cavab kartları ilə birlikdə Hakimlərin Seçki Komitəsinə təqdim edilir.
3.36. Yazılı imtahanın birinci fazasının yekununa görə 60 və ya daha çox bal toplamış namizədlər yazılı imtahanın ikinci fazasına buraxılırlar. Yazılı imtahanın ikinci fazasına buraxılmış namizədlərin siyahısı kütləvi informasiya vasitələrində və internetdə dərc edilir.
3.37. Yazılı imtahanın ikinci fazası Məhkəmə-Hüquq Şurasının toplaşaraq Hakimlərin Seçki Komitəsi tərəfindən yazılı imtahana təqdim edilməli olan inşa mövzularının sayının müəyyən edilməsi ilə başlayır. İnşa mövzularının sayı cinayət, cinayət prosessual, mülki, mülki prossesual qanunvericiliyi bərabər əhatə etmək şərti ilə cüt rəqəmlə ifadə olunmalıdır. Məhkəmə-Hüquq Şurasının iclasından sonra Şuranın üzvlərindən biri qəbul edilmiş qərarı dərhal imtahan verilən auditoriyaya yaxın otaqda keçirilən Hakimlərin Seçki Komitəsinin qapalı iclasında açıqlayır (imtahan bir neçə auditoriyada keçirildikdə Komitənin iclası inşa mövzularının seçiləcəyi auditoriyaya yaxın otaqda təşkil edilir). Bundan sonra Komitə üzvləri həmin iclasda 2 saat ərzində Şura tərəfindən müəyyən edilmiş sayda inşa mövzuları hazırlayırlar. Həmin inşa mövzuları Hakimlərin Seçki Komitəsinin yekdil qərarı ilə təsdiq edilir.
3.38. İnşa mövzuları təsdiq edildikdən sonra Hakimlərin Seçki Komitəsinin üzvləri həmin inşa mövzuları ilə birlikdə, kənar şəxslərlə ünsiyyətə yol verməmək şərti ilə imtahan keçirilən auditoriyaya daxil olurlar. Burada inşa mövzuları cinayət hüquqi və mülki hüquqi sahələr üzrə differensiasiya edilir və onların içindən namizədlərin biri püşk yolu ilə hər sahəyə aid bir inşa mövzusu seçir. Seçilmiş inşa mövzuları elan edilir və inşa mövzularının işlənilməsi üçün namizədlərə 4 saat vaxt verilir. İmtahan bir neçə auditoriyada təşkil edildikdə inşa mövzularının seçilməsi və elan edilməsi proseduru imtahan keçirilən digər auditoriyalara birbaşa (canlı) video translyasiya olunur. Namizədlər inşa mövzularını ifadə edərkən müvafiq qanunun məzmununu mümkün qədər dolğun çatdırmaq və onun izahını vermək bacarıqlarını nümayiş etdirməli, qanunun konsepsiyasını ifadə edə bilməlidirlər. İnşa mövzularının ifadə edilməsinə dair izahatlar və inşaların qiymətləndirilməsi zamanı diqqət yetiriləcək məqamlar Hakim vəzifəsinə namizədin yaddaş kitabçasında əks etdirilir. Yazılı imtahan işləri ikiqat yoxlama üsulu ilə Hakimlərin Seçki Komitəsinin üzvləri və dəvət olunmuş mütəxəssislər tərəfindən yoxlanılır. Ümumi nəticə hər iki yoxlama yekununda verilmiş balların toplanması və 2-yə bölünməsi yolu ilə müəyyən edilir.
3.39. Yazılı imtahanın ikinci fazasında hər bir inşa mövzusu ən çoxu 100 bal ilə qiymətləndirilir. Hər inşa mövzusuna görə 60 və ya daha çox bal toplamış namizəd yazılı imtahanın bu fazasından keçmiş hesab edilir.
3.40. Yazılı imtahanın nəticələri kütləvi informasiya vasitələrində və internetdə dərc edilir.
3.41. Hər namizədə onun tələbi ilə imtahanın nəticəsi üzrə arayış verilir.
3.42. Hakimlərin Seçki Komitəsi seçki prosesi ilə bağlı aidiyyəti sənədlərin qanunvericiliklə müəyyən edilmiş müddətdə saxlanılmasını təmin edir.
3.43. İmtahan nəticələrindən narazı qalan namizəd bu barədə nəticənin ona elan olunduğu vaxtdan 5 gün müddətində mübahisəyə aydınlıq gətirilməsi üçün Hakimlərin Seçki Komitəsinə müraciət edə bilər. Məsələ ərizəçinin iştirakı ilə araşdırılır. Bu müddəa namizədi ümumi qaydada şikayət etmək hüququndan məhrum etmir.
3.44. Cavab kartı düzgün qiymətləndirildikdə ərizəçiyə əsaslandırılmış rəsmi cavab verilir. Balların düzgün hesablanmadığı aşkar edildikdə yenidən hesablanma aparılır.
3.45. Hakimlərin Seçki Komitəsinin qərarlarından Məhkəmə-Hüquq Şurasına şikayət verilə bilər. Məhkəmə-Hüquq Şurası həmin şikayətlərə Məhkəmə-Hüquq Şurası haqqında Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada baxır.
3.46. Şifahi imtahan barədə namizədlər Məhkəmə-Hüquq Şurasının Aparatı tərəfindən 5 gün əvvəl xəbərdar edilir və imtahanın keçirildiyi yer, tarix və vaxt barədə onlara məlumat verilir.
3.47. Şifahi imtahanda hüquq sahəsinə aid, habelə namizədlərin məntiqi nəticələr çıxarmaq qabiliyyətini, ümumi dünyagörüşünü və bilik səviyyəsini müəyyən edən suallar verilir.
3.48. Şifahi imtahan açıq, hər bir namizədlə fərdi qaydada söhbət formasında, bir qayda olaraq 30 dəqiqəyədək aparılır. Şifahi imtahan zamanı hər namizədə 5 sual verilir.
3.49. Hakimlərin Seçki Komitəsinin üzvləri namizədin cavabları ilə bağlı fikir mübadiləsi apara bilərlər.
3.50. Namizədə verilən suallar və bu suallara namizədin cavabları Komitə üzvləri tərəfindən bal cədvəlinə yazılır və qiymətləndirilərək Hakimlərin Seçki Komitəsinin sədrinə təqdim edilir.
3.51. Namizədlərin cavabları hər bir sual üzrə 20 ballıq şkala ilə qiymətləndirilir və hər bir namizəd ən çoxu 100 bal toplaya bilər. 60 və ya daha çox bal toplamış namizəd şifahi imtahandan keçmiş hesab olunur.
3.52. Şifahi imtahanı müşahidə etməyə gələnlər özləri ilə şəxsiyyətlərini təsdiq edən sənəd gətirməlidirlər. İmtahan vermiş namizəd şifahi imtahanı dinləyici kimi izləyə bilər. Bu zaman imtahanın keçirilməsinə mane olmaq yolverilməzdir.
4. Təlim mərhələsi və yekun müsahibə
4.1 Yazılı və şifahi imtahandan müvəffəqiyyətlə keçmiş namizədlər tədris müəssisəsində təşkil olunan ilkin uzunmüddətli tədris kurslarına göndərilirlər. Tədris kurslarının müddəti Hakimlərin Seçki Komitəsi tərəfindən müəyyən edilir.
4.2. İmtahanlardan müvəffəqiyyətlə keçmiş və tədris kurslarına göndərilən namizədlərin siyahısı kütləvi informasiya vasitələrində və internetdə dərc edilir.
4.3. Namizədlər üçün tədris proqramı Hakimlərin Seçki Komitəsi və tədris müəssisəsi tərəfindən hazırlanır və Məhkəmə-Hüquq Şurası ilə razılaşdırılmaqla Komitə tərəfindən təsdiq edilir.
4.4. Tədris kursları başa çatdıqdan sonra tədris müəssisəsi tərəfindən təlim mərhələsinin nəticələri (namizədlərin müvəffəqiyyət dərəcəsi, davamiyyəti, davranışı) Hakimlərin Seçki Komitəsinə təqdim edilir.
4.5. Tədrisin yekunları üzrə hər bir namizəd yazılı və şifahi imtahan verir. Bu imtahanlar namizədin qanunvericiliyin normalarını təhlil etmək, müəyyən qanunun müddəalarının yazılı şərhini vermək yaxud hüquqi kazus üzrə məhkəmə qərarının layihəsini tərtib etmək qabiliyyətinin müəyyən edilməsinə xidmət etməlidir.
4.6. Tədrisin yekunları üzrə imtahanlar Hakimlərin Seçki Komitəsi tərəfindən tədris müəssisəsi ilə birlikdə keçirilir. Komitə bu işə hüquq sahəsi üzrə mütəxəssislər cəlb edə bilər.
4.7. Tədrisin yekunu üzrə hər bir imtahan 100 ballıq şkala ilə qiymətləndirilir. Hər imtahandan 60 və ya daha çox bal toplamış namizəd təlim mərhələsini müvəffəqiyyətlə bitirmiş hesab edilir.
4.8. Tədrisin yekunları üzrə imtahanlardan müvəffəqiyyətlə keçmiş namizədlərlə yekun müsahibə Hakimlərin Seçki Komitəsi tərəfindən aparılır. Yekun müsahibə namizədlərin hakim işləmək üçün zəruri olan keyfiyyətlərə yiyələnməsini müəyyən etmək məqsədilə keçirilir.
4.9. Yekun müsahibə hər bir namizədlə fərdi qaydada və 1 saatadək aparılır. Hər namizədə 10 sual verilir. Hakimlərin Seçki Komitəsinin üzvü namizədə bir sualla müraciət edə bilər.
4.10. Hakimlərin Seçki Komitəsi üzvləri namizədin cavabları ilə bağlı fikir mübadiləsi apara bilərlər.
4.11. Namizədə verilən suallar və bu suallara namizədin cavabları Komitə üzvləri tərəfindən bal cədvəlinə yazılır və qiymətləndirilir. Yekun müsahibənin ümumi nəticəsi Hakimlərin Seçki Komitəsinin sədrinə təqdim edilir.
4.12. Namizədlərin cavabları hər bir sual üzrə 10 ballıq şkala ilə qiymətləndirilir və hər bir namizəd ən çoxu 100 bal toplaya bilər. 60 və ya daha çox bal toplamış namizəd yekun müsahibədən keçmiş hesab olunur.
4.13. Yekun müsahibədən müvəffəqiyyətlə keçmiş namizəd Hakimlərin Seçki Komitəsi tərəfindən qiymətləndirilir.
4.14. Namizədin qiymətləndirilməsi tədrisin yekunları üzrə imtahanların və yekun müsahibə nəticəsində yığılmış balların toplanılması yolu ilə həyata keçirilir.
4.15. Namizədlər Hakimlərin Seçki Komitəsi tərəfindən qiymətləndirmə nəticəsində topladıqları ballara uyğun sıralanırlar.
5. Namizədlərin təsnifatlaşdırılması və onların hakim vəzifəsinə təyin edilməsinə dair təklifin verilməsi
5.1. Təlim mərhələsinin və yekun müsahibənin nəticələri əsasında Hakimlərin Seçki Komitəsi namizədlərin müvafiq məhkəmələrdə (ümumi və ya ixtisaslaşdırılmış) hakim vəzifəsinə uyğunluğuna dair rəy (mülahizə) tərtib edir.
5.2. Hakimlərin Seçki Komitəsi hakim vəzifəsinə seçilmiş namizədlərə dair Məhkəmə-Hüquq Şurasına təkliflər verir.
5.3. Hakim vəzifəsinə seçilmiş namizəd barəsində təklifdə aşağıdakı məlumatlar əks etdirilir:
5.3.1. adı, atasının adı, soyadı;
5.3.2. tərcümeyi-hal və xarakterizəedici məlumatlar;
5.3.3. ilkin tədrisin və yekun müsahibənin nəticələri;
5.3.4. hakim vəzifəsinə uyğunluğu barədə məlumat, o cümlədən ixtisaslaşdırma haqqında rəy (mülahizə).
5.4. Məhkəmə-Hüquq Şurası hakim vəzifəsinə seçilmiş namizədlər barəsində Hakimlərin Seçki Komitəsinin təkliflərinə baxır, namizədlərin seçilməsində qanunvericiliyin və bu Əsasnamənin tələblərinə əməl olunmasını aydınlaşdırır və namizədlərlə söhbət aparır.
5.5. Söhbətin nəticələrinə və Hakimlərin Seçki Komitəsinin müvafiq rəyinə (mülahizəsinə) əsaslanaraq Məhkəmə-Hüquq Şurası namizədlərin ixtisaslaşdırılmasını aparır və mövcud vakant hakim vəzifələrinə təyin olunmaları məqsədilə onları Azərbaycan Respublikasının Prezidentinə təqdim edir.
5.6. Vakant hakim vəzifəsinə təyin edilmə haqqında təqdimatda namizəd barəsində aşağıdakı məlumatlar göstərilir:
5.6.1. adı, soyadı, atasının adı;
5.6.2. tərcümeyi-hal və xarakterizəedici məlumatlar;
5.6.3. ilkin tədrisin və yekun müsahibənin nəticələri;
5.6.4. hakim vəzifəsinə uyğunluğu barədə məlumat, o cümlədən ixtisaslaşdırma haqqında rəy;
5.6.5. təyin edilməsi təklif olunan vəzifə.
5.7. Məhkəmə-Hüquq Şurası tədris kurslarını bitirmiş və yekun müsahibədən uğurla keçmiş, lakin vakansiya olmadığına görə hakim vəzifəsinə təklif olunmamış namizədlərin ədliyyə orqanlarına inzibati vəzifəyə və ya prokurorluq orqanlarına prokurorluq işçisi kimi xidmətə qəbul edilməsini həmin orqanlara tövsiyə edə bilər. Qeyd edilən namizədlərin hakim vakansiyası yarandıqda həmin vəzifəyə təyin edilmələri bu Qaydaların 5.4-5.6-cı bəndlərinə müvafiq həyata keçirilir.
HAKİMLİYƏ NAMİZƏDİN İMTAHANQABAĞI
VƏZİFƏLƏRİ
|
1. Siz imtahanın başlanmasına azı bir saat qalmış imtahan verəcəyiniz binanın qarşısına gəlməli (ünvan İmtahana buraxılış vərəqəsində göstərilir), özünüzlə qara və ya tünd göy rəngdə yazan, mürəkkəb axıtmayan diyircəkli qələm və aşağıdakı sənədləri gətirməlisiniz:
a) şəxsiyyət vəsiqəsi;
b) İmtahana buraxılış vərəqəsi.
Göstərilən 2 sənəddən biri olmadıqda imtahana buraxılmayacaqsınız.
2. İmtahana buraxılış vərəqəsi ilə ehtiyatlı davranın. Bu sənədi qatlamaq, bükmək, zədələmək, onda düzəlişlər etmək qadağandır. İmtahana buraxılış vərəqəsini itirsəniz və ya yararsız hala salsanız yenisi verilməyəcək.
3. İmtahana buraxılış vərəqəsinə namizədin adının, soyadının və şəxsiyyətini müəyyən edən digər məlumatların yazılmasına yol verilmir. Bu qaydanı pozmuş namizəd imtahandan kənarlaşdırılır.
4. Göstərilən sənədləri binanın giriş qapısında sənədləri yoxlayan mühafizə işçisinə təqdim edib binaya daxil olmalı və İmtahana buraxılış vərəqəsində göstərilən auditoriyada öz yerinizi tutmalısınız. Hər parta arxasında bir namizəd əyləşir.
YAZILI İMTAHANIN BİRİNCİ FAZASI |
İmtahan bütün hakimliyə namizədlər üçün vahid auditoriyada keçiriləcəkdir.
Namizəd imtahan zalında İmtahana buraxılış vərəqəsində göstərilən sırada və yerdə oturduqdan sonra nəzarətçinin izahını diqqətlə dinləməli, nəyisə başa düşmədiyi halda nəzarətçiyə müraciət etməlidir.
İzah işi qurtardıqdan sonra yazılı imtahanın birinci fazasının sualları bilavasitə imtahan başlamazdan əvvəl, imtahan keçirilən auditoriyada namizədlərin iştirakı ilə aşkar surətdə ümumi suallar toplusundan seçilir. Bunun üçün suallar toplusunun elektron daşıyıcısı olan zərf müşahidəçilərin iştirakı ilə açılır və imtahan zalında yerləşdirilmiş elektron hesablayıcı maşına (kompüterə) daxil edilir. Elektron hesablayıcı maşın (kompüter) verilmiş proqrama uyğun olaraq ümumi sual bankından hüquq sahələri üzrə proporsional qaydada avtomatik üsulla 100 sual seçir.
Müşahidəçi qismində dəvət olunmuş beynəlxalq təşkilatların və ya qeyri-hökumət təşkilatlarının nümayəndəsi tərəfindən namizədlər sırasından təsadüfi seçim yolu ilə bir namizəd müəyyən edilir və o, sualların seçilməsini yerinə yetirir. Müşahidəçilər, təsadüfi seçilmiş iki namizəd və Hakimlərin Seçki Komitəsinin iki üzvü sualların seçilməsi işini izləyir.
Seçilmiş suallar müxtəlif variantlarda yerindəcə, namizədlərin və müşahidəçilərin gözü qarşısında qısa müddətdə sürətli surətçıxarma maşınları vasitəsilə namizədlərin sayına uyğun olaraq çoxaldılır və imtahan rəhbərinə verilir.
Sonra imtahan rəhbəri nəzarətçi və müşahidəçilərlə birlikdə cavab kartı zərfinin möhürünü açır, cavab kartını namizədlərə paylayır və onun doldurulması qaydalarını izah edir.
Cavab kartları paylandıqdan sonra namizədlərə sual kitabçaları paylanılır. Sualların paylanmasından əvvəl hər bir namizədin imtahan verərkən eyni müddət vaxtdan istifadə edə bilməsini təmin etmək üçün sual kitabçalarının stolların üzərinə üzüaşağı qoyulması və yalnız imtahan başlandıqdan sonra onların çevrilməsi barədə elan verilir.
Suallar namizədlərə nəzarətçilər tərəfindən paylanılır. Sual kitabçaları bütün namizədlər üçün paylanılıb qurtardıqdan sonra imtahanın başlanması bildirilir, habelə imtahanın başa çatacağı vaxt elan edilir.
İmtahanın müddəti 4 saatdır. İmtahan zamanı fasilə verilmir.
Diqqət!
Cavab kartı (nümunəyə bax) qara və ya tünd göy rəngdə yazan, mürəkkəb axıtmayan diyircəkli qələmlə doldurulmalıdır. Cavab kartındakı məlumatlar optik oxuyucu qurğular vasitəsi ilə oxunur. Ona görə də Cavab kartı ilə işləyərkən ehtiyatlı olmaq lazımdır. Dairələri tam qaralamağa çalışın, kartın digər üzünün qabarmaması üçün qələmi bərk basmayın. Kartı əzmək, ləkələmək, zədələmək və cırmaq olmaz.
Korlanmış cavab kartı dəyişdirilmir!
Cavab kartının 1ci bəndində şəxsi kodunuzu yazın. Həmin kodun İmtahana buraxılış vərəqəsində göstərilən kodla eyniliyini yoxlayın.
Cavab kartının 1-ci bəndindəki bəyənnaməni oxuyun, müvafiq bölmədə soyadınızı, adınızı, atanızın adını səliqəli, oxunan xətlə qeyd edin və orada yazılanlara riayət edəcəyinizi öz imzanızla təsdiq edin.
2ci bənddə şəxsi kodunuzun hər bir rəqəmini ardıcıl olaraq damalara yazıb hər bir damanın altındakı sütunda müvafiq rəqəmi tapıb, onun yerləşdiyi dairəni qaralamalısınız. Bu zaman diqqətli olmalısınız, belə ki, hər sütunda yalnız bir dairə qaralanmalıdır.
Sual kitabçasında hər suala verilmiş cavabların hamısını oxuyun. Bu cavablardan yalnız biri düzgündür. Düzgün hesab etdiyiniz cavabı seçin. Cavab kartında həmin sualın nömrəsi qarşısında seçdiyiniz cavaba uyğun hərfli dairəni tapın və qaralayın. Cavabları işarələyərkən çox diqqətli olmaq lazımdır. Əgər bir suala aid olan iki və ya daha çox dairə qaralanarsa, cavab səhv hesab edilir. Suallara verilən səhv cavablar digər suallar üzrə düzgün cavablara mənfi təsir etmir.
Qeydləri aparmaq üçün Sual kitabçasında boş yerlər nəzərdə tutulmuşdur. Buna görə də əlavə kağızdan istifadə etməyə icazə verilmir (Sual kitabçasında aparılmış qeydlər hüquqi əhəmiyyət kəsb etmir).
İmtahan başa çatdıqdan sonra namizədlərin cavab kartlarının doldurulmasını dayandırmaq barədə elan verilir, bir nəfər Hakimlərin Seçki Komitəsinin üzvü və bir nəfər beynəlxalq müşahidəçidən ibarət qruplar cavab kartlarını toplayırlar. Hər bir qrup namizədin öz cavab kartının üzərində imza atmasına və kartın arxasında Hakimlərin Seçki Komitəsinin ştampının olmasına nəzarət edir.
Namizəd imtahanı hər hansı bir səbəb üzündən vaxtından əvvəl tərk edərsə, yuxarıda qeyd olunan qaydada cavab kartını təhvil verir və nəzarətçinin müşaiyəti ilə imtahan zalını tərk edir. O, bir daha zala qayıda bilməz.
Cavablar imtahan gedən yerdə imtahan başa çatan kimi yoxlanılır. Cavablar optik tanıma qurğusu ilə təchiz olunmuş skaner maşınında avtomatik üsulla yoxlanılır.
İmtahanının nəticələri imtahan zalında elan edilir, mətbuatda dərc olunur və İnternet şəbəkəsində yerləşdirilir.
YAZILI İMTAHANIN İKİNCİ FAZASI |
İmtahan bütün hakimliyə namizədlər üçün vahid auditoriyada keçiriləcəkdir.
Nəzarətçilər, Hakimlərin Seçki Komitəsi üzvləri, müşahidəçi qismində dəvət olunmuş beynəlxalq təşkilatların və qeyri-hökumət təşkilatlarının nümayəndələri imtahan gedən zalda imtahanın gedişini izləyəcəklər.
Hakimlərin Seçki Komitəsinın üzvləri imtahan günü imtahan keçirilən zalda toplaşır və MHŞ-nın bir üzvü onlara bu orqanın elə həmin gün Hakimlərin Seçki Komitəsi üzvlərinin mülki hüquqa (mülki prosesə) və cinayət hüququna (cinayət prosesinə) dair tərtib edəcəkləri praktik situasiyanın (kazus) miqdarı ilə bağlı qəbul edilmiş qərar haqqında məlumat verir. Bu rəqəm cüt olmaqla ya dörd, ya da ki, dörddən böyük (yarısı mülki hüquqa, yarısı da cinayət hüququna dair) olmalıdır. Mövzular Hakimlərin Seçki Komitəsi tərəfindən yekdilliklə seçilməlidir.
Müşahidəçi qismində dəvət olunmuş beynəlxalq təşkilatların və ya qeyri-hökumət təşkilatlarının nümayəndəsi tərəfindən namizədlərin sırasından təsadüfi seçim yolu ilə müəyyənləşdirilmiş bir nəfər hakimliyə namizəd bir ədəd mülki hüquqa (mülki prosesə) aid, bir ədəd isə cinayət hüququna (cinayət prosesinə) aid inşa mövzusunu püşk vasitəsi ilə çıxarır və namizədlərə elan edilir.
Hakimliyə namizədlər mövzuları onlara paylanılmış xüsusi vərəqdə qeyd edir və onları cavablandırırlar.
Namizədlər mövzuları cavablandırarkən müvafiq qanunun məzmununu mümkün qədər dolğun açmaq və onun izahını vermək, fikirlərini səlist ifadə etmək bacarıqlarını nümayiş etdirməli, qanunun konsepsiyasını ifadə edə bilməlidirlər.
İmtahan müddətinin bitdiyi elan olunan kimi namizəd işi dayandırmalıdır. Nəzarətçilər namizədlərə bildirirlər ki, onlar oturduqları sektorlara uyğun Hakimlərin Seçki Komitəsi üzvünün və müşahidəçilərin nümayəndəsinin yanına yaxınlaşmalı və inşanı təhvil verməlidirlər. İnşaları təhvil almaq üçün Hakimlərin Seçki Komitəsinin, beynəlxalq müşahidəçilərin bir nəfər nümayəndəsindən və bir nəfər texniki köməkçidən ibarət olmaqla inşanı toplayan qruplar təşkil edilir. Bu qruplar həmçinin inşa vərəqinin üzərində Hakimlərin Seçki Komitəsinın ştampının olmasını yoxlayırlar. İmtahanın sonu üçün elan edilmiş vaxtı gözləmədən imtahanı tərk etmək istəyən namizəd yuxarıda qeyd olunduğu qaydada işi təhvil verir və nəzarətçilərdən birinin müşaiyəti ilə zalı tərk edir. O, bir daha zala qayıda bilməz.
İmtahanın müddəti 4 (dörd) saatdır. İmtahan zamanı fasilə verilmir.
Cavabların yoxlanması ikiqat yoxlama vasitəsi ilə, lazım gələrsə, Hakimlərin Seçki Komitəsinın təyin etdiyi ekspertlərin köməyindən istifadə etməklə həyata keçirilir.
İmtahanın nəticələri mətbuatda dərc olunur və İnternet şəbəkəsində yerləşdirilir
Şifahi imtahan hər bir namizədlə bir qayda olaraq 30 (otuz) dəqiqəyədək aparılır.
Şifahi imtahan fərdi qaydada, açıq şəkildə (imtahanı müşahidə etmək istəyən kənar şəxslər şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər), Hakimlərin Seçki Komitəsinın üzvləri qarşısında keçirilir. Hakimlərin Seçki Komitəsi beynəlxalq təşkilatları və qeyri-hökumət təşkilatlarını müsahibələri müşahidə etmək üçün dəvət edir.
Şifahi imtahanda verilən suallar hüquqa aid olur, habelə namizədin məntiqi nəticələr çıxarmaq qabiliyyətini, ümumi dünyagörüşünü və bilik səviyyəsini müəyyənləşdirməyə xidmət edir.
HAKİMLİYƏ NAMİZƏDƏ QADAĞANDIR: |
İmtahan zalına cib telefonu, peycer və digər rabitə vasitələri, kalkulyator və digər texniki vasitələr, konspekt və ədəbiyyat, məlumat və qeydiyyat kitabçası, çanta, portfel gətirmək və onlardan istifadə etmək.
Hər hansı bir səbəbə görə imtahan zalını tərk edib yenidən geri dönmək;
İntizamsızlıq göstərmək;
Zalda gəzişmək, yerini dəyişmək və ya kiminsə köməyindən istifadə etmək, kiməsə kömək etmək və bu kimi hallarla imtahanın gedişinə mane olmaq;
Yazılı imtahan zamanı başqasının Cavab kartına baxmaq və ya öz Cavab kartına başqasının baxması üçün şərait yaratmaq;
Belə hallar aşkar olunarsa həmin hakimliyə namizəd imtahandan kənarlaşdırılacaq və onun imtahan nəticələri ləğv ediləcəkdir.
Hakimliyə namizədlərin seçilməsi qaydalarının və bu Yaddaş kitabçasının şərtlərinə dair hər hansı bir pozuntuya və saxtakarlığa yol verməsinə görə (saxta sənədlər təqdim etmə, köçürmə, imtahana öz yerinə başqasını göndərmə və Qaydalara zidd digər hərəkətlər) hakimliyə namizədin imtahan nəticələrinin ləğv olunması və onun haqqında müvafiq tədbirlər görülməsi nəzərdə tutulmuşdur.
Əgər Siz imtahan zamanı qaydaların pozulması halları ilə rastlaşsanız, mütləq nəzarətçiyə müraciət edin. Nəzarətçi lazımi ölçü götürməsə, imtahan rəhbəri və ya Məhkəmə Hüquq Şurasının nümayəndəsinin zala dəvət edilməsini tələb edə bilərsiniz.
Sizə müvəffəqiyyətlər arzulayırıq!
Hörmətli hakimliyə namizəd! |
Vakant olan hakim vəzifələrinə namizədlər üçün keçiriləcək test imtahanında hüququn müxtəlif sahələrinə dair suallardan istifadə ediləcəkdir.
İmtahanda müvəffəqiyyət qazanmaq üçün Siz Azərbaycan Respublikasının Konstitusiyasını, mülki, mülki prosessual, cinayət, cinayət prosessual, əmək, ailə, cəzaların icrası və inzibati xətalar məcəllələrini, habelə «Məhkəmələr və hakimlər haqqında», «Məhkəmə-Hüquq Şurası haqqında», «Konstitusiya Məhkəməsi haqqında», «Vəkillər və vəkillik fəaliyyəti haqqında» və «Prokurorluq haqqında» qanunları mükəmməl bilməlisiniz.
Bundan başqa test imtahanına hazırlaşarkən Sizin
Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında Ali Məclisin tərkibi, fəaliyyəti və səlahiyyətləri, deputatların statusu və konstitusiya nəzarəti məsələlərinə,
Seçki Məcəlləsində seçki hüquqlarının, o cümlədən əcnəbilərin və hərbi qulluqçuların seçki hüquqlarının həyata keçirilməsinə, seçki komissiyalarının sistemi və fəaliyyətinin təşkili, namizədliyin irəli sürülməsi, seçki prosesinin təşkili, seçki hüququnun pozulması ilə bağlı şikayət məsələlərinə,
Vergi Məcəlləsində vergi sistemi, vergi orqanları, vergi yoxlamaları və vergi hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi, vergi öhdəliyi və dərəcələri, habelə vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət məsələlərinə,
Gömrük Məcəlləsində gömrük ödənişlərinə, gömrük ərazisi və rejimlərinə, xarici dövlətlərin nümayəndəlikləri və onların əməkdaşları, habelə digər xarici şəxslər üçün gömrük güzəştləri məsələlərinə,
Mənzil Məcəlləsində dövlət mənzil fondu evlərinin növbədənkənar alınması, icarəsi və istifadəsi ilə bağlı məsələlərə,
«Ədliyyə orqanlarında qulluq keçmə haqqında» qanunda qulluğa qəbul və xitam verilməsi, stajorluq və sınaq keçmə məsələlərinə,
«Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında» qanunda məhkəmə ekspertizalarının aparılması üçün əsaslara, ekspertin vəzifələrinə və məhkəmə ekspertizalarının növlərinə, o cümlədən məhkəmə-tibbi ekspertizası aparılması məsələlərinə
«Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında» qanunda özəl mühafizə fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar göstərilən mühafizə xidmətlərinin növlərinə
«Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında» qanunda xarici dövlət tərəfindən verilməsi sorğu edilən şəxsin verilməsinin təxirə salınması əsaslarına və ekstradisiyanın şərtlərinə,
«Polis haqqında» qanunda polis orqanlarına xidmətə qəbul məsələlərinə
«Əməliyyat-axtarış fəaliyyəti haqqında» qanunda əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi əsaslarına və ona son qoyulmasına, əldə edilmiş materialların cinayət təqibi üzrə sübut kimi qəbul edilməsi, əməliyyat axtarış fəaliyyətinə məhkəmə və prokuror nəzarəti məsələlərinə,
«Notariat haqqında» qanunda notariat fəaliyyəti ilə məşğul olmaq üçün şəhadətnamənin verilməsi müddətlərinə, xüsusi qaydada notariat fəaliyyətinə, digər orqanlar tərəfindən aparılan notariat hərəkətlərinə, vəsiyyətnamələrin və etibarnamələrin təsdiq edilməsi xüsusiyyətlərinə,
«Məhkəmə qərarlarının icrası haqqında» qanunda icra sənədi üzrə icraatda tərəflərin müəyyən olunmasına, məcburi icra tədbirlərinin tətbiqi, əmlak üzərində həbs qoyulması və satılması məsələlərinə,
«Məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları haqqında» qanunda məhkəmə nəzarətçiləri və məhkəmə icraçılarının vəzifələri, qulluğa qəbulu və qulluq keçməsi, bu xidmətlərin fəaliyyətinə təşkilati və metodiki rəhbərlik, məhkəmə qərarlarının icrasına nəzarət məsələlərinə,
«Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında» qanunda sosial adaptasiya tədbirlərinə və müddətlərinə
«Bələdiyyələrin statusu haqqında» qanunda bələdiyyələrin say tərkibinin müəyyən edilməsi əsasına, yerli əhəmiyyətli məsələlərə münasibət bildirmək üçün vətəndaşların yığıncaqlarının keçirilməsi məsələlərinə,
«Vətəndaşların hüquq və azadlıqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) məhkəməyə şikayət edilməsi haqqında» qanunda bu işlərin məhkəmə aidiyyəti və məhkəmə xərclərinin ödənilməsi məsələlərinə,
«Məhkəmə və huquq mühafizə orqanları işçilərinin dövlət müdafiəsi haqqında» qanunda dövlət müdafiəsi bu qanunla tənzim edilən şəxslərin dairəsinə,
«Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» qanunun tətbiqi dairəsinə,
«Korrupsiyaya qarşı mübarizə haqqında» qanunda vəzifəli şəxsin xidməti vəzifəsinin icrası ilə əlaqədar əldə etdiyi hədiyyələrə dair məhdudiyyətlərə, korrupsiya hüquqpozmalarının və korrupsiyaya şərait yaradan hüquqpozmaların dairəsinə,
«Terrorçuluğa qarşı mübarizə haqqında» qanunda terror fəaliyyətinə görə təşkilatın məsuliyyətə cəlb olunması barədə ərizə ilə məhkəməyə müraciət hüququna,
«Fövqəladə vəziyyət haqqında» qanunda fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə ədalət mühakiməsinin həyata keçirilməsi məsələlərinə,
«Normativ hüquqi aktlar haqqında» qanunda normativ aktların sisteminə, onların tətbiq edilmə qaydasına, rekvizitlərinə, strukturuna, dilinə, dərc olunması və şərhi məsələlərinə,
«Dövlət qulluğu haqqında» qanunda Dövlət Qulluğunu İdarəetmə Şurasının təşkili, inzibati və yardımçı vəzifələrin təsnifatına və ixtisas dərəcələrinə,
«Dövlət rüsumu haqqında» qanunda məhkəməyə iddia ərizələri və məhkəmə aktlarının surəti verilərkən dövlət rüsumunun alınması məsələlərinə,
«Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında» Konstitusiya qanununda ombudsmanın təyin edilməsi və onun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi məsələlərinə,
«Siyasi partiyalar haqqında» qanunda siyasi partiyaların təsis və ləğv olunması məsələlərinə,
«Kütləvi informasiya vasitələri haqqında» qanunda redaktor və ya jurnalistin məhkəməyə öz informasiya mənbəyini açıqlaması, şəxsin öz barəsində həqiqətə uyğun olmayan məlumatın təkzib olunmasını, düzəliş verilməsini, habelə üzr istənilməsini tələb etmək hüququ ilə bağlı məsələlərə,
«Beynəlxalq arbitraj haqqında» qanunda arbitraj məhkəməsinin tərkibi və qəbul etdiyi qərarlara dair məsələlərə,
«Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında» Konvensiyanın təsdiq edilməsi barədə» qanunda bu konvensiya ilə bağlı Azərbaycan Respublikasının qeyd-şərt və bəyənatlarına,
İnsan Hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasında təsbit olunmuş insan hüquqlarına, Avropa İnsan hüquqları məhkəməsi hakimlərinin təyinatı məsələlərinə, habelə, konvensiyanın 5-ci və 6-cı maddələrinə dair Azərbaycan Respublikasının qeyd-şərtlərinə
«Novruz bayramı münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin Qərarında amnistiya tətbiq edilən şəxslərin dairəsi, amnistiyanın tətbiqinə məhdudiyyətlər və amnistiyanın tətbiqi qaydalarına
xüsusi diqqət yetirməyiniz məsləhət bilinir.
Yazılı imtahanın birinci fazasının sual nümunələri |
Mülki Prosessual Məcəlləyə əsasən, iddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi və tərəflərin barışıq sazişi hakim tərəfindən təsdiq edildikdə hansı məhkəmə aktı (aktları) çıxarılır?
A) İddiaçı iddiadan imtina etdikdə və cavabdeh iddianı etiraf etdikdə qərardad, barışıq sazişi təsdiq olunduqda isə - qətnamə
B) Hər üç halda qətnamə
C) Hər üç halda qərardad
D) İddiaçı iddiadan imtina etdikdə və barışıq sazişi təsdiq olunduqda qərardad, cavabdeh iddianı etiraf etdikdə isə - qətnamə
Əhməd soyğunçuluq cinayəti törətdiyinə görə 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunur. O, cəzasının 1 ilini çəkdikdən sonra Səmədlə dalaşaraq qəsdən onun sağlamlığına az ağır zərər vurur. Məhkəmə sonuncu cinayətə görə onu 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edir, bu cəzanı əvvəlki hökmlə təyin edilmiş cəzanın çəkilməmiş hissəsi ilə qismən birləşdirərək, qəti olaraq 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edir. Hökmün bu hissəsi qanunidirmi?
A) Qəti cəzanın müddəti düz hesablandığından qanunidir
B) Qəti cəzanın müddəti düz hesablanmadığından qanuni deyil
C) Cəzalar tamamilə birləşdirilməli olduğundan qanuni deyil
D) Birinci cinayət üzrə cəzanın 1/3-i çəkildiyindən qanunidir
Sərxoş halda olan şəxsin inzibati qaydada tutma müddəti hansı vaxtdan hesablanır?
A) Tutulduğu vaxtdan
B) Protokol tərtib etmək üçün gətirildiyi vaxtdan
C) Ayıldığı vaxtdan
D) Tutma haqqında protokol tərtib olunduğu vaxtdan
Yazılı imtahanın ikinci fazasının sual nümunələri |
Əhməd şəxsi münasibətlər zəminində Şəmkir rayonu ərazisində Məmmədin sağlamlığına qəsdən ağır zərər vurmuşdur. Məmməd şikayət verdikdən sonra zərərçəkənin tanınmış xadim olması ilə əlaqədar Milli Təhlükəsizlik Nazirliyi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə (ağırlaşdırıcı hallar olmadan qəsdən sağlamlığa ağır zərər vurma) cinayət işi başlanılır. Əhməd istintaq orqanı tərəfindən şübhəli şəxs qismində 36 saat müddətində saxlanıldıqdan sonra ona həmin maddə ilə ittiham elan edilir və ibtidai araşdırmaya prosessual nəzarəti həyata keçirən prokuror tərəfindən barəsində həbs qətimkan tədbiri seçilir.
İstintaq 4 ay müddətində aparılır. İstintaq zamanı zərər çəkmiş şəxs ekspertlə müqavilə bağlayaraq onun səhhətinə vurulmuş ziyan barədə rəy əldə edir.
İstintaq yekunlaşdıqdan sonra iş baxılması üçün Şəmkir rayon məhkəməsinə göndərilir. Məhkəmə Əhmədi həmin maddə ilə təqsirli bilərək ona 6 il müddətində azadlıqdan məhrum etmə növündə cəza təyin edir.
Bu iş üzrə cinayət təqibinin həyata keçirilməsinin qanuniliyi və əsaslılığını prosessual nöqteyi-nəzərdə təhlil edin.
_ _ _ _ _ _ _ _ _ _ _ _ _
Hazırki mövzu üzrə siz aşağıdakı məsələləri əhatə etməlisiniz
Cinayət işinin başlanması üçün zərər çəkmiş şəxsin şikayət verməsinin zəruriliyi
İstintaq aidiyyəti məsələləri
Şübhəli şəxs qismində saxlama müddətləri və qətimkan tədbirinin seçilməsi
İstintaq müddətləri
Ekspertizanın təyin edilməsi məsələləri
Məhkəmə aidiyyəti məsələləri
Rabitəbank sahibkarlıq fəaliyyəti ilə məşğul olan Əli Həsənova 2000 ABŞ dolları məbləğində kredit vermiş və bunun geri qaytarılması üçün isə Zahid Məmmədov yazılı şəkildə zamin durur. Borcun geri qaytarılması tələbinin iddia müddəti keçdikdən sonra bank təşkilatının kredit müqaviləsi yadına düşür. Lakin bank artıq Əli Həsənovun ödəmə qabiliyyətli olmadığını bilir və ona görə də zamin durmuş Zahid Məmmədova qarşı ödəmə tələbi ilə çıxış edir.
Belə olan halda zamin durmuş şəxs, yəni Zahid Məmmədov iddia müddətinin keçməsinə istinad edərək borcun ödənilməsindən imtina edə bilərmi.
Bu iş üzrə halların mülki qanunvericiliyə uyğun olaraq təhlilini verin
|
|