|
AVROPA İNSAN HÜQUQLARI MƏHKƏMƏSİ İLƏ SIX ƏMƏKDAŞLIQ, AZƏRBAYCANDA MƏHKƏMƏ-HÜQUQ İSLAHATLARININ SƏMƏRƏSİNİ ARTIRIR
Azərbaycan Respublikası 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra bəşəri dəyərləri özünün əsas siyasi xətti kimi bəyan edərək demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunu özünün inkişaf yolu kimi müəyyənləşdirdi. 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının yeni Konstitusiyası insan və vətəndaş hüquq və azadlıqlarına yüksək dəyər verərək bu haqların qorunmasını dövlətin ali məqsədi elan etdi və insan hüquq və azadlıqlarının qorunması bütün dövlət orqanlarının əsas vəzifəsi kimi müəyyən edildi. Müstəqilliyimizin əbədiliyi üçün respublikamızın nüfuzlu universal və regional xarakterli beynəlxalq təşkilatlara daxil olması və çoxsaylı beynəlxalq müqavilələrə qoşulması zəruri idi.
Eyni zamanda beynəlxalq təşkilatlara üzv olmaq dövlətlər arasındakı beynəlxalq münasibətlərin tənzimlənməsinin, dövlətlərarası əməkdaşlığın inkişafının əsas vasitəsi olmaqla, həm də milli qanunvericiliyin təkminləşdirilməsinə xidmət edəcək mühüm amilə çevriləcəkdi. Çünki Beynəlxalq hüququn səmərəliliyi, beynəlxalq müqavilələrin müddəalarının həyata keçirilməsi və beynəlxalq öhdəliklərə əməl olunması dövlət daxilində həyata keçirilən təşkilati və hüquqi tədbirlərdən çox asılıdır. İnsan hüquq və azadlıqlarının müdafiəsi sahəsində bağlanmış müqavilələrdə dövlətlərin üzərlərinə götürdüyü öhdəliklər iştirakçı dövlətlərə deyil, onların yurisdiksiyası altında olan insanlara ünvanlanmaqla, ayrı-ayrı fərdlərin hüquqlarının müdafiəsinə yönəlmiş olur. Respublikamızda pakta sunt servanda (müqavilələr icra olunmalıdır) prinsipinə müvafiq olaraq beynəlxalq öhdəliklərin yerinə yetirilməsi prosesi çox vacib idi. İnsan hüquq və azadlıqlarının müdafiəsi sahəsində beynəlxalq öhdəliklərin yerinə yetirilməsi məqsədilə görülən tədbirlərin bir hissəsi də məhkəmələrin fəaliyyətinin təkmilləşdirilməsi, məhkəmə sisteminin müasirləşdirilməsinə xidmət edir ki, bu prosesin həyata keçirilməsində də Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsinin və tətbiqinin böyük rolu vardır.
Avropa Şurası və onun orqanları ilə Azərbaycan Respublikasının əlaqələri hələ respublikamız müstəqillik əldə etdiyi ilk illərdən başlamışdır. Ümummilli lider Heydər Əliyev cənabları hakimiyyətə gəldikdən dərhal sonra dövlətin siyasi kursunun dünyəvi dövlətin qurulması, insan hüquq və azadlıqlarına hörmət etmək və beləliklə də dünyanın inkişaf etmiş dövlətlərinin ailəsinə əsasən də Avropaya inteqrasiya etmək istiqamətinin seçildiyini bəyan etdi və bu sahədə konkret addımlar atmağa başladı. Qısa müddətdə Azərbaycan Respublikası bir çox nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlıq yaradaraq həmin təşkilatların tam bərabərhüquqlu üzvünə çevrildi. Azərbaycan Respublikasının əməkdaşlıq etmək arzusunda olduğu belə təşkilatlardan biri də heç şübhəsiz Avropa Şurası idi. Müstəqilliyimizin ilk illərində bu münasibətləri qurmaq üçün Azərbaycan üzvlüyə qəbul olmaq üçün tələb olunan şərtləri yerinə yetirməyə hazır olduğunu nümayiş etdirərək bu sahədə fəaliyyətə başladı. 1994-cü ildə Avropa Şurasında yeni qəbul olunacaq üzvlər üçün xüsusi qonaq statusu müəyyən edildi və ilk vaxtlar Azərbaycan Respublikası xüsusi qonaq statusunda Avropa Şurasına üzvlük istiqamətində ilk mühüm addımını atmış oldu. Aparılmış köklü siyasi, iqtisadi və hüquqi islahatların məntiqi nəticəsi olaraq artıq Avropa ailəsinin üzvünə çevrilmiş Azərbaycan 2001-ci il yanvar ayının 25-də təşkilata tam bərabər hüquqlu üzv seçildi. Azərbaycan vətəndaşlarının Avropa İnsan Hüqüqları Məhkəməsinə müraciət etmək hüququnu həyata keçirmək üçünsə üzvlükdən sonra müəyyən proseduranın keçilməsi tələb olunurdu. 25 dekabr 2005-ci il tarixdə Respublikamızın qanunverici orqanı olan Milli Məclis İnsan hüquq və azadlıqların müdafiəsi haqqında Konvensiyanı ratifikasiya etdi. 15 aprel 2002-ci il tarixdə isə ratifikasiya sənədi depozitə edilmək üçün Avropa Şurasının Baş Katibinə təqdim olunduqdan sonra Azərbaycan vətəndaşlarının Avropa İnsan hüquqları Məhkəməsinə müraciət etmək imkanı reallaşdı.
Azərbaycan Respublikasının 2001-ci ilin yanvar ayının 25-də Avropa Şurasına daxil olması, daha sonra İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasını ratifikasiya etməsi demokratik ənənələrə, ədalətə, yurisdiksiyası altında olan insanlar üçün əsas hüquq və əsas azadlıqların təmininə sadiqliyi təcəssümü idi.
Ümumiyyətlə Biz Avropa Məhkəməsi haqda nə bilirik. Avropa Məhkəməsi Avropa Şurasının əsas orqanlarından biri olmaqla məhkəmə vasitəsilə üzv dövlətlərin əsas insan hüquq və azadlıqlarının müdafiəsinə çalışır.
Məlum olduğu kimi Avropa Şurası 1949-cu ildə 10 Avropa ölkəsi tərəfindən regional təşkilat olaraq yaradılmışdır. 5 may 1949-cu il tarixdə təşkilatın qəbul edilmiş nizamnaməsinin I maddəsində göstərilir ki, Avropa Şurasının məqsədi öz uzvləri arasında onların ümumi mirası olan, iqtisadi və sosial tərəqqiyə imkanlar yaradan ideal və prinsiplərin qorunması və həyata keçirilməsi məqsədilə daha çox birliyə nail olunmasıdır və təşkilat bu məqsədə Şuranın orqanları vasitəsilə ümumi marağı əks etdirən problemlərin müzakirəsində, iqtisadi, sosial, mədəni, elmi, hüquqi və inzibati məsələlərdə, insan hüquqları və əsas azadlıqlarının qorunması və gələcəkdə də həyata keçirilməsində razılaşmalar və ümumi fəaliyyət əsasında nail ola bilər. Avropa İnsan Hüquqları Məhkəməsi isə bu təşkilatın əsas orqanlarından biri hesab olunur. Bu məhkəmə 1948-ci ildə qəbul olunmuş İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında konvensiya əsasında fəaliyyət göstərir. 1998-ci ilə qədər Konvensiyanın iştirakçısı olan dövlətlərin üzərinə götürdükləri öhdəliklərin yerinə yetirilməsini təmin edən üç orqan fəaliyyət göstərirdi. Avropa İnsan Hüquqları Komissiyası, Avropa İnsan Hquqları Məhkəməsi, və Avropa Şurasının Nazirlər Komitəsi. 1 noyabr 1998-ci ildə konvensiyaya 11 saylı protokolla mühüm dəyişikliklər edilərək Avropa İnsan Hüquqları Komissiyası və Avropa İnsan Hquqları Məhkəməsi birləşdirilərək vahid məhkəmə yaradıldı. Nazirlər Komitəsi isə məhkəmənin qərarlarının icrasına nəzarət edən orqan kimi fəaliyyətini davam etdirməyə başladı. Avropa Şurasının yaradıldığı ilk 20 il ərzində bu məhkəməyə müracitələrin sayı təxminən 50-dən bir qədər artıq olmuşdur. Sonrakı illər ərzində yəni, 1998-ci ilədək bu məhkəmə minə yaxın mübahisəni öz icraatına götürərək müvafiq qərarlar qəbul etmişdir. İlk 20 il ərzində olan məhkəmə qərarlarının səciyyəvi xüsusiyyəti ondan ibarətdir ki, həmin işlər daha çox aktual hüquqi müddəaların şərhi və tətbiqi ilə bağlı olmuş və ayrı-ayrı hüquqi anlayışlara və normalara izahat vermək xarakteri daşımışdır. Eyni zamanda ilk illərdə qəbul edilmiş qərarlar məzmunca daha geniş və həcmcə böyük olmuşdur. Mütəxəssislər bunun səbəbini lik illərdə məhkəməyə edilən muraciətlərin az olması ilə əlaqələndirilər.
Avropa Məhkəməsinin qərarlarının müqayisəli təhlili və araşdırılması onu göstərir ki, məhkəmənin yaranmasından bu günədək çıxarılmış qərarlardan hamısı tam icra olunmuşdur.Bu faktın özü Avropa İnsan Huquqları Məhkəməsinin qərarlarının nüfuzunun göstəricisi sayıla bilər. Digər tərəfdən məhkəmənin qərarlarının icrasını təmin edən dəqiq və vahid mexanizm olduğuna görə Avropada bu qərarların icra olunmamasını təsəvvür belə etmirlər. Avropa Şurasının nizamnaməsinin tələblərinə görə məhkəmə qərarını icra etməyən dövlət məsuliyyət daşıyır və bu həmin dövlətin Avropa Şurasında üzvlüyünün dayandırlmasına və əgər qərarın icra olunmaması davam edərsə, bu halda üzvlükdən çıxarılmasına səbəb ola bilər.
Avropa Məhkəməsinə müraciət üçün bir sıra şərtlərin nəzərə alınması tələb olunur:
- yalnız Avropa Şurasının üzvü olan və İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında konvensiyanı ratifikasiya edən dövlətlərin vətəndaşlarının bu məhkəməyə müraciət etmək hüququ var.
- şikayəti fiziki şəxslər, şəxslər qrupu və qeyri hökümət təşkilatları verə bilər.
- anonim verilmiş şikayətlər icraata götürülmür.
- azərbaycan vətəndaşları yalnız respublikamız təşkilata üzv olunduqdan sonra baş vermiş insan hüquq və azadlıqlarının bərpası ilə əlaqədar məhkəməyə müraciət edə bilərlər (davam edən hüquq pozuntuları ilə bağlı bu qayda tətbiq olunmur).
- şikayət edən ərizəçi məhkəməyə müraciət etməmişdən qabaq öz pozulmuş hüquqlarının bərpası üçün müvafiq dövlətin bütün məhkəmə instansiyalarına müraciət etmək hüququndan istifadə etməli, yalnız son məhkəmə instansiyasının qərarının nəticəsi şikayətçini qane etməzsə, bu zaman Avropa Məhkəməsinə müraciət edə bilər.
(Bu şərtin yerinə yetirilməsi üçün Azərbaycan Respublikasında son məhkəmə istansiyası Ali Məhkəmə hesab olunur. (Qeyd: Ali Məhkəmənin Plenumuna və Konstitutsiya Məhkəməsinə vətəndaşın müraciət etməsi vacib deyil.)
- şikayətçi altı ay qaydasına riayət etməlidir yəni, Ali Məhkəmənin qərar çıxarmasından sonrakı altı ay ərzində Avropa Məhkəməsinə müraciət etməlidir.
- şikayətlərin məzmunu konvensiya ilə qorunan insan hüquq və azadlıqlarının pozulması ilə bağlı olmalıdır və digər məzmunlu şikayətləri Avropa Məhkəməsi ümumiyyətlə icraatına götürmür. Burada bir məsələni qeyd etmək yerinə düşər ki, Azərbaycan Respublikası Konstitutsiyasında elə hüquqlar əks olunmuşdur ki, bu hüquqlar konvensiyada nəzərdə tutulmamışdır. Məsələn, əmək hüququ, sosial təminat hüququ. Buradan belə nəticə çıxartmaq olar ki, Azərbaycan Respublikası Konstitutsiyası ilə qorunan hüquqlar konvensiya ilə qorunan hüquqlardan daha genişdir. Əgər əmək və sosial təminat hüququnun pozulması ilə əlaqədar vətəndaş Avropa Məhkəməsinə müraciət edəcəksə, bu zaman həmin şikayətə baxılması konvensiyada nəzərdə tutulmadığından mümkün olmayacaqdır. Doğrudur, qeyd olunan hüquqlar digər beynəlxalq hüquqi sənədlərdə məsələn, Avropa Şurasının Avropa Sosial Xartiyasında öz əksini tapmışdır.Lakin məlumdur ki, məhkəmənin yurisdiksiyası yalnız İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyaya əsaslanır.
Onu da demək lazımdır ki, Avropa Məhkəməsi üzv dövlətlərin məhkəmələrinin çıxardığı qərarları ləğv etmir, milli məhkəmələrə göstəriş vermir və onlar üzərində nəzarəti həyata keçirmir. Çünki, Avropa Məhkəməsi hər hansı bir dövlətin yuxarı məhkəmə instansiyası hesab olunmur. Məhkəmə yalnız şikayət əsasında icraatına götürmüş olduğu mübahisələr üzrə şikayətçinin konvensiyada nəzərdə tutulmuş hüquqlarının üzv dövlət və onun orqanları tərəfindən pozulub -pozulmadığını məyyən edir. Çıxarılmış qərarın əsasında müvafiq məhkəmələrin qərarlarının ləğv edilməsini həyata keçirmək səlahiyyəti isə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna məxsusdur. Yəni Plenum Avropa Məhkəmsinin baxdığı iş üzrə qəbul etdiyi qərar əsasında aşağı məhkəmələrin qərarlarını ləğv edərək yenidən baxılması üçün aşağı məhkəmələrə göndərir. Yalnız qeyd etmək lazımdır ki, fərdi şikayətçinin çəkmiş olduğu məhkəmə xərclərinin və hüquqlarının pozulması nəticəsində ona dəymiş ziyanın konpensasiya şəklində dövlət tərəfindən ərizəçiyə ödənilməsi Avropa Məhkəməsi qərarında göstərilə bilər. Avropa Məhkəməsinin qərarlarının icrasına nəzarəti isə Nazirlər Kabineti həyata keçirir.Şikayətin verilmə formasına gəldikdə isə hər bir şikayət yuxarıda qeyd etdiyimiz şərtləri əsas götürməklə Avropa Məhkəməsi tərəfindən xüsusi standart formada hazırlanmış blanklarda tərtib olunmalıdır.Avropa Məhkəməsində rəsmi dil isə inglis və fransız dilləri hesab olunur .
Avropa Məhkəməsinin strukturu və işə baxılma prosedurasına gəldikdə isə Məhkəmə, qarşısında qaldırılmış işlərə baxmaq üçün üç hakimdən ibarət komitələr, yeddi hakimdən ibarət palatalar və on yeddi hakimdən ibarət Böyük Palata təsis edilmişdir.Məhkəmə Palataları müəyyən müddət üçün nəzərdə tutulan komitələri yaradır. İşdə tərəf olan dövlətdən seçilmiş hakim, yaxud belə hakim olmadığı hallarda və ya o, iclasda iştirak edə bilmədikdə, həmin dövlətin seçdiyi, hakim qismində iştirak edəcək belə şəxs Palatanın və Böyük Palatanın ex officio üzvü olur. Böyük Palatanın tərkibinə, həmçinin Məhkəmənin sədri, Məhkəmə sədrinin müavinləri, Palata Sədrləri və Məhkəmə qaydalarına müvafiq olaraq seçilmiş digər şəxslər də daxil olur. Mübahisə mühüm əhəmiyyətli hüquqi məsələlərə aid olduğuna görə işin Böyük palataya verildiyi hallarda, onun iclaslarında bu Palatanın Sədri və işdə tərəf olan müvafiq dövlətin hakimi istisna olmaqla, qərar çıxaran Palatanın hakimlərindən heç biri iştirak etməməlidir.Komitə yekdil səslə müvafiq qaydada verilməmiş şikayətləri, əgər belə qərar şikayət əlavə öyrənilmədən qəbul edilibsə, qəbul olunmayan elan edə və ya onu icraatda olan işlərin siyahısından çıxara bilər. Belə qərar qətidir. Əgər heç bir qərar qəbul edilməyibsə, Palata verilmiş fərdi şikayətin qəbul olunması və işin mahiyyəti haqqında qərar çıxarır. Palata Dövlətlərarası şikayətin qəbul olunması və mahiyyəti haqqında qərar çıxarmalıdır. Əgər Məhkəmə istisna qaydada digər qərar qəbul etməzsə, şikayətin qəbul olunması haqqında qərar ayrılıqda çıxarılır. Əgər Palatanın icraatında olan iş Konvensiyanın və ya onun Protokollarının şərhinə dair ciddi məsələlərə toxunursa, yaxud məsələnin həlli Məhkəmənin əvvəllər çıxardığı qərara zidd ola bilərsə, tərəflərdən heç biri buna etiraz etmədikdə, Palata öz qərarını çıxarana qədər istənilən vaxt Böyük Palatanın xeyrinə yurisdiksiyasından imtina edə bilər.
Konvensiyanın üzvü olan dövlətin istənilən vətəndaşı üzv dövlətin Konvensiya və onun Protokollarının müddəalarını istənilən pozması ehtimalı ilə bağlı məhkəməyə müraciət edə bilər.Məhkəmə istənilən fiziki şəxsdən, qeyri-hökumət təşkilatından və ya ayrı-ayrı şəxslər qrupundan, tərəflərdən birinin onun bu Konvensiya və ya onun Protokolları ilə tanınmış hüquqlarını pozmasının qurbanı olduğunu iddia edən şikayətlər qəbul edə bilər. Konvensiyanın üzvü olan dövlətlər bu hüququn səmərəli həyata keçirilməsinə heç bir yolla mane olmamağı öhdələrinə götürürlər.
Məhkəmə yalnız beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına müvafiq olaraq bütün daxili hüquq müdafiə vasitələri tükəndikdən sonra və son qərarın çıxarıldığı tarixdən altı ay müddət keçənədək məsələyə baxa bilər.
Məhkəmə aşağıdakı hallarda verilmiş ı şikayətlərə baxmır:
- anonim olan;
- mahiyyətcə məhkəmənin artıq baxdığı məsələ ilə eyni olan, yaxud beynəlxalq araşdırmanın və ya tənzimlənmənin digər prosedurasının predmeti olan və işə aid yeni faktları əks etdirməyən şikayətlərə.
Ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsi naminə Məhkəmənin Sədri prosesdə tərəf olmayan istənilən Razılığa gələn Tərəfi və ya şikayətçi olmayan istənilən maraqlı şəxsi yazılı qeydlər təqdim etmək və dinləmələrdə iştirak etmək üçün dəvət edə bilər.Əgər işin vəziyyəti aşağıdakı nəticələrə gəlməyə əsas verirsə, icraatın istənilən mərhələsində məhkəmə şikayəti işlərin siyahısından çıxarmaq barədə qərar qəbul edə bilər:
- şikayətçi daha öz ərizəsinə baxılmasına nail olmaq üçün səy göstərmirsə;
- məsələ öz həllini tapıbsa;
- məhkəmənin müəyyənləşdirdiyi istənilən digər səbəbə görə, şikayətə baxışı davam etdirməyə lüzum yoxdursa. Bununla belə, əgər bu Konvensiya və onun Protokolları ilə təmin olunan insan hüquqlarına riayət olunması bunu tələb edirsə, Məhkəmə şikayətə baxmaqda davam edə bilər.
Əgər Məhkəmə işin gedişinin buna bəraət qazandırdığını hesab edirsə, şikayətin baxılmalı işlər siyahısına bərpa edilməsi haqqında qərar qəbul edə bilər.Palatanın qərar çıxarmasından sonrakı üç ay müddət ərzində, iş üzrə istənilən tərəf, müstəsna hallarda, işin Böyük Palataya verilməsini tələb edə bilər. Əgər iş bu Konvensiya və onun Protokollarının müddəalarının şərhi və ya tətbiqinə dair ciddi məsələlər və ya ümumi xarakterli digər ciddi məsələlər yaradırsa, Böyük Palatanın beş hakimdən ibarət Kollegiyası tələbi qəbul edir. Kollegiya tələbi qəbul edirsə, onda Böyük Palata qərar çıxarmaqla işi həll edir. Böyük Palatanın qərarı qətidir. Konvensiyanın üzvü olan dövlətlər Məhkəmənin onların tərəf olduqları işlər üzrə yekun qərarına riayət etməyi öhdələrinə götürürlər. Məhkəmənin yekun qərarı onun icrasına nəzarəti həyata keçirən Nazirlər Komitəsinə göndərilir.
Azərbaycan Respublikası Məhkəmələrində Avropa Şurasının presedent hüququndan istifadə etməyə gəldikdə qeyd etmk lazımdır ki, məhkəmə presedenti - hərfi mənada məhkəmə təcrübəsi mənasını verir, yəni Avropa Məhkəməsinin qərarlarının üzv dövlətlərinin məhkəmə orqanları tərəfindən işlərə baxılarkən hüquqi mənbə kimi nəzərə alınması kimi başa düşülməlidir.
Roman-german hüquq sisteminin mövcud olduğu Azərbaycan Respublikasında məhkəmə presedentinin hüququn mənbəyi kimi qəbul olunması hüquq ədəbiyyatlarında bir qədər mübahisə doğurur. Məsələ burasındadır ki, məhkəmə presedentinin hüququn mənbəyi kimi tətbiq olunması əsasən Anqlo-sakson hüquq sisteminin tətbiq olunduğu dövlətlər üçün xasdır və Roman-german huquq sitemi üçün məhkəmə qərarları hüququn mənbəyi kimi qəbul edilmir.
Lakin 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitutsiyasının 151-ci maddəsinə görə Azərbaycan Respublikasının Qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlarla (Konstitutsiya və refenrendumla qəbul olunan aktlar istisna olunmaqla) dövlətin tərəfdar çıxdığı beynəlxalq müqavilələr arasında ziddiyət yaranarsa beynəlxalq müqavilələr əsas götürülməlidir. Eyni zamanda 19 yanvar 2006-cı il tarixdə Azərbaycan Respublikası prezidentinin Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında Azərbaycan Respublikası qanunun tətbiq edilməsi barədə fərmanın 6-cı bəndində göstərilir ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının Apellyasiya məhkəmələrinə və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə tövsiyə edilsin ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi işini təşkil etsinlər və onu məhkəmə təcrübəsində nəzərə alsınlar.
Bundan başqa Ali Məhkəmənin Plenumu 30 mart 2006-cı il tarixdə Ədalət məhkəməsinin həyata keçirilməsi zamanı İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa konvensiyasının müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında qərar qəbul etmişdir. Həmin qərarda məhkəmələrə tövsiyyə olunmuşdur ki, cinayət və mülki işlərə baxarkən Avropa Məhkəməsinin presedent hüququndan istifadə etsinlər.
Artıq bu bir faktdır ki, 2002-ci ildən başlayaraq Avropa Məhkəməsinə Azərbaycan Respublikasının vətəndaşları tərəfindən şikayətlər göndərilməkdədir. Bu da artıq o deməkdir ki, Azərbaycan Respublikasının məhkəmələri cinayət və mülki işlər üzrə çıxardığı qərarları Avropa Məhkəməsinin presedent huququnu nəzərə almaqla çıxarmağa məcburdurlar. Lakin Azərbaycan vətəndaşları üçün bu məhkəmə qurumu haqqında təsəvvürlərinin az olması və Avropa Məhkəməsinə müraciət etmək imkanının yeni yaranması belə şikayətlərin sayının az və ya çoxluğu vətəndaşların yerli məhkəmələrdən narazılığının göstəricisi saıla bilməz. Çünki Azərbaycandan göndərilən şikayətlərin çoxunun Avropa Məhkəməsinin komitəsi tərəfindən icraata götürməkdən imtina etməsi də onu göstərir ki, bəzən vətəndaşlarımız yerli yersiz məhkəmənin səlahiyyətlərinə aid olmayan məsələlər ilə bağlı da bu məhkəməyə üz tuturlar. Eyni zamanda qeyd etmək lazımdır ki, Respublikamızın təşkilata üzv olduğu dövr ərzində 3 iş üzrə yekun qərar çıxarılmışdır ki, bu da o qədər böyük rəqəm deyil. Eyni zamanda artıq uzun müddətdir ki, ədalət mühakiməsini həyata keçirən bütün orqanların əməkdaşları, polis əməkdaşları prokurorlar , hakimlər , vəkillər Avropa Məhkəməsinin təcrübəsini öyrənmək üçün uzunmuddətli kurslara cəlb edilirlər ki, bu da öz müsbət nəticəsini gələcəkdə göstərəcəkdir.
Lakin hesab edirik ki, Avropa Məhkəməsi və onun fəaliyyəti barədə kütləvi informasiya vasitələri- televiziya, radio və qəzet və d. kütləvi informasiya vasitlərində davamlı olaraq təbliğat aparılmalıdır.
Bundan başqa qeyd etmək lazımdır ki, bu məhkəmə cəza orqanı deyil, Avropa Məhkəməsi yarandığı gündən bu günədək əsas fəaliyyətində ayrı-ayrı ölkələri cəzalandırmaq və məhkəmələrin işinə müdaxilə etmək xətti tutmamışdır. Avropa Məhkəməsinin əsas məqsədi əsas insan hüquq və azadlıqlarının yüksək məhkəmə tribunasında təmini həyata keçirmək və bu məqsədlə ayrı ayrı ölkələrdə insan hüquq və azadlıqlarına hörmət etmək prinsipini aşılamaq və hüquqi məsələrlə bağlı böyük elmi baza yaratmaq, hüququ təkminləşdirməkdən ibarətdir, bunu hər bir Avropa Şurasının üzvü olan dövlətin vətəndaşı da dərk etməlidir. Avropa Məhkəməsinin tribunası üzv dövlətlərin yerli məhkəmələrin yol verdiyi kiçik pozuntuların və huquqi qərarların düzəldilməsi üçün heç də uğurlu məkan deyil. Nəzərə alsaq ki, bu məhkəmələrə edilmiş müraciətlərin ilkin araşdırılması , icraata götürülməsi və baxılaraq son qərar qəbul edilməsi illərlə bəzən, 3-4 il və daha çox çəkə bilər, onda fikrimiz daha aydın olar.Eyni zamanda bu şiyayətləri verərkən hər bir vətəndaş özünün vətəndaşlıq məsuliyyətini dərk etməli, özünün pozulmuş hüqüq və azadlıqlarının bərpa edilməsindən imtina etməməklə yanaşı, unutmamalıdır ki, bu məhkəmədə qəbul edilən qərarlar təkcə onunla bağlı deyil, bu həm də öz dövlətinin beynəlxalq imici ilə bağlı olan məsələdir.
Avropa Məhkəməsinə şikayətin verilməsinə səbəb olmuş işlə əlaqədar Konvesiyanın tələblərini pozmuş Hüquq Mühafizə Orqanın işçisi, istər prokuror və ya hakim olsun unutmamalıdır ki, Azərbaycan Respublikasının cavabdeh tərəf kimi Avropa Məhkəməsinə cəlb olunmasında onların da dırnaqarası xidmətləri var. Biz siyasətimizi o istiqamətə yönəlməliyik ki, Avropa Məhkəməsinə Avropa ölkələrində olduğu kimi daha çox xüsusi hüquqi məsələlərlə bağlı işlər çıxarılsın və baxılsın.Bunun üçün də bizim hər birimiz məsuliyyətimizi dərk etməli, ictimaiyyət arasında Avropa Məhkəməsi və onun fəaliyyəti haqqında hüquqi təbliğat işinə diqqəti daha da artırmalıyıq.
A.Ə.Rzayev,
BDU-nun Beynəlxalq hüquq və beynəlxalq
münasibətlər fakultəsinin müəllimi, hakimliyə namizəd
|
|