|
Avropa Şurasının tamhüquqlu üzvü olduqdan sonra Avropa ailəsinə daha sürətlə inteqrasiya edən Azərbaycan Respublikasında insanların əsas hüquq və azadlıqlarının müdafiəsinin təmin olunmasına yönələn islahatlar davam etməkdədir. Bu proseslərin tərkib hissəsi olan məhkəmə-hüquq islahatları cəmiyyət üzvlərinin, həmçinin, beynəlxalq qurumların diqqətini daha çox cəlb etmişdir. Hələ 2000-ci ildə hakimlərin ilk dəfə test üsulu ilə seçilməsi hüquqi dövlət quruculuğu yolunda böyük bir addım kimi qiymətləndirilmişdi. O vaxt yenilik kimi qəbul edilən həmin seçkilər artıq, tarixə çevrilmişdir. Bu gün ölkəmiz məhkəmə-hüquq islahatlarının yeni mərhələsini yaşamaqdadır. Məhkəmə-hüquq tarixində analoqu olmayan mütərəqqi üsullarla, çoxsaylı xarici və yerli müşahidəçilərin, KİV nümayəndələrinin iştirakı ilə keçirilən hakimliyə namizədlərin seçimi islahatların yeni mərhələsinin ən mühüm tərkib hissəsidir. İmtahanlardan uğurla keçmiş hakimliyə namizədlərin uzunmüddətli tədris kurslarına cəlb edilməsi, yüksək məhkəmə hakimlərinin, o cümlədən, xarici ölkələrin məhkəmə-hüquq orqanlarının və beynəlxalq qurumların nümayəndələrinin, hüquqşünas alimlərin iştirakı ilə keçirilən mühazirə və seminarlar, təcrübi məşğələlər hakimliyə namizədlərin nəzəri və təcrübi biliklərinin artmasında mühüm vasitə olmuşdur.
Hakimliyə namizədlərin beynəlxalq təcrübəni öyrənmələrinə də xüsusi önəm verilir. Bu məqsədlə, hakimliyə namizədlər Hakimlərin Seçki Komitəsinin və Ədliyyə Nazirliyinin təşəbbüsü və dəstəyi ilə beynəlxalq tədbirlərə cəlb olunurlar.
Belə tədbirlərdən biri də 22-26 yanvar 2007-ci il tarixlərində Macarıstanın Budapeşt şəhərində, Beynəlxalq Hüquq Mühafizə Akademiyasında keçirilən "İnsan alveri və digər cinayət işlərində şahidlərin müdafiəsi və qurbanlara kömək" mövzusunda beynəlxalq seminar olmuşdur.
Tədbirdə ABŞ, Azərbaycan, Qazaxıstan, İtaliya, Latviya, Moldova, Rumıniya, Rusiya, Slovakiya və Ukrayna nümayəndələri iştirak etmişlər.
Seminarın ilk günü ABŞ Marşal xidmətinin nümayəndəsi cənab Cozef Paonessa, Evropolun (bu təşkilata Avropa İttifaqının üzv dövlətləri daxildirlər) mütəşəkkil cinayətkarlıqla mübarizə qrupunun rəhbəri cənab Roberto Di Leqami, Rusiya Federasiyası Dövlət Duması təhlükəsizlik üzrə komitəsinin sədr müavini cənab Anatoliy Kulikov, ABŞ Ədliyyə Nazirliyinin ABŞ-ın Rusiyadakı səfirliyində daimi nümayəndəsi cənab Terri Kinni, ABŞ Ədliyyə Nazirliyinin mütəşəkkil cinayətkarlıq və reketlə mübarizə üzrə şöbəsi rəhbərinin müavini cənab Tomas Ott, RF nümayəndəsi, hüquq elmləri doktoru, professor, cənab Leonid Brusnitsın və BMT-nin narkotiklərə nəzarət və cinayətkarlığın qarşısının alınması üzrə idarəsinin nümayəndəsi cənab İlias Çatsis "Transmilli cinayətkarlıq dövründə şahidlərin təhlükəsizliyi" mövzusunda xülasə ilə çıxış etmişlər.
Çıxışlarda şahidlərin müdafiəsi üzrə Amerika proqramı haqqında, bu proqramı həyata keçirən ABŞ Marşal xidməti haqqında, Şərqi Avropa ölkələrində şahidlərin müdafiəsi proqramlarının fəaliyyəti haqqında, Avropada şahidlərin müdafiəsi və bu məsələ üzrə Evropolun iş təcrübəsi haqqında, cinayət qurbanlarının və şahidlərin müdafiəsinə dair proqramların hazırlanması və həyata keçirilməsinə dair BMT-nin rəhbər göstərişləri haqqında məlumatlar verilmiş, transmilli mütəşəkkil cinayətkarlıqla mübarizədə şahidlərin müdafiəsinin mühüm rolu xüsusi qeyd olunmuşdur.
Müzakirələr zamanı qeyd edilmişdir ki, cinayət məhkəmə icraatı orbitinə cəlb edilmiş şəxslərin toxunulmazlığının dövlət tərəfindən təmin olunması ifadələrin mötəbərliliyinə təsir edən ən mühüm amillərdən biridir.
Cinayətkarlığa, xüsusən onun mütəşəkkil formalarına qarşı mübarizə üzrə beynəlxalq təcrübə təsdiq edir ki, şahidlərin müdafiəsi üçün səmərəli hüquqi baza yaratmış dövlətlər bu sahədə daha çox nailiyyət qazanırlar.
ABŞ Konqresi hələ 1970-ci ildə "Mütəşəkkil cinayətkarlığa nəzarət haqqında" Qanun qəbul etmişdir. Bu qanun ABŞ-ın Baş prokuroruna səlahiyyət verirdi ki, təhlükəyə məruz qalan şahidlərin müdafiəsi üçün vəsait ayırsın. Şahidlərin təhlükəsizliyinin təmin olunması üzrə proqramın hazırlanmasına məsul orqan kimi Birləşmiş Ştatların Marşal xidməti müəyyən olunmuşdur. Lakin həmin qanun yalnız mütəşəkkil cinayətlər ilə bağlı işlər üzrə şahidləri müdafiə ilə təmin edirdi. ABŞ Konqresi 1982-ci ildə "Cinayət qurbanlarının və şahidlərin müdafiəsi haqqında", 1984-cü ildə isə "Cinayətkarlığa nəzarət haqqında" Qanun qəbul etdi və bununla da dövlət müdafiəsi ilə təmin olunan şəxslərin dairəsi xeyli genişləndirildi.
ABŞ qanunvericiliyinə əsasən Baş prokuror təhlükəyə məruz qalan şahidi və onun ailə üzvlərini yeni yaşayış yerinə köçürə, onları digər müdafiə vasitələri ilə təmin edə bilər. Bundan başqa, Baş prokurorun qərarına əsasən şahidə yeni sənədlər verilə bilər, iş yeri və digər sosial müdafiə vasitələri ilə təmin oluna bilər.
Avropa ölkələri də cinayətin qurbanlarının və şahidlərinin müdafiəsinə böyük önəm verirlər. Avropa İttifaqına daxil olan ölkələr "Evropol" beynəlxalq təşkilatı vasitəsilə bu sahədə yaxından əməkdaşlıq edirlər.
ABŞ-da və əksər Avropa ölkələrində şahidlərin və cinayət qurbanlarının müdafiəsi üzrə xüsusi proqramlar qəbul edilmiş və onların həyata keçirilməsi üçün müvafiq xidmətlər yaradılmışdır (məsələn: ABŞ-da - Marşal xidməti, Rumıniyada - Şahidlərin Müdafiəsi üzrə Milli İdarə, Latviyada - Şahidlərin təhlükəsizliyinin təmin edilməsi üzrə bölmə, Moldovada - Şahidlərin Müdafiəsi Departamenti və s.). Hər hansı şəxs (şahid, cinayətin qurbanı) müvafiq qanunla müəyyən edilmiş şərtlərə uyğun gəldikdə şahidlərin müdafiəsi proqramına daxil edilir və yalnız bundan sonra müvafiq xidmətlər tərəfindən onun barəsində müdafiə tədbirləri görülməyə başlanır.
Müqayisə üçün qeyd edək ki, Azərbaycan Respublikasında cinayət işi üzrə zərər çəkən şəxslərin, şahidlərin və cinayət prosesində iştirak edən digər şəxslərin təhlükəsizliyinin təmin edilməsini və sosial müdafiəsini nəzərdə tutan tədbirlər sistemi "Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında" 11 dekabr 1998-ci il tarixli Qanun ilə müəyyən edilmişdir. Digər dövlətlərin də qanunvericiliyini müqayisə etdikdə, cinayət prosesində iştirak edən şəxslər barəsində tətbiq edilən təhlükəsizlik tədbirləri, demək olar ki, eynidir. "Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən həmin tədbirlərə aşağıdakılar aiddir:
1) müdafiə olunan şəxsi, onun mənzilini və əmlakını mühafizə etmə;
2) müdafiə olunan şəxsə xüsusi fərdi müdafiə vasitələri vermə, onu mövcud təhlükə barədə xəbərdar etmə;
3) müdafiə olunan şəxsi müvəqqəti olaraq təhlükəsiz yerdə yerləşdirmə;
4) müdafiə olunan şəxs barəsində olan məlumatların məxfiliyini qoruma;
5) müdafiə olunan şəxsi başqa işə keçirmə, onun iş və ya təhsil yerini dəyişdirmə, onu başqa yaşayış yerinə köçürmə;
6) müdafiə olunan şəxsin sənədlərini və onun xarici görkəmini dəyişdirmə;
7) qanunvericiliklə müəyyən edilmiş qaydada müdafiə olunan şəxsin iştirak etdiyi hallarda məhkəmə baxışının qapalı keçirilməsi.
Həmin qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 01 fevral 1999-cu il tarixli, 86 saylı fərmanının 2-ci bəndinə əsasən Azərbaycan Respublikasının cinayət prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada cinayət prosesini həyata keçirən orqan tərəfindən qəbul edilən qərarla müdafiə olunan şəxs barəsində təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi öz səlahiyyətləri hüdudlarında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə və Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinə həvalə edilmişdir.
Seminarın ikinci günü latviyalı nümayəndə, şahidlərin təhlükəsizliyinin təmin edilməsi üzrə bölmə rəhbərinin müavini cənab Edmund Yankovskis Pribaltika ölkələrində şahidlərin müdafiəsi/qurbanlara kömək göstərilməsi proqramının yaradılması və region daxilində şahidlərin mübadiləsi mövzusunda, Slovakiya Polisinin nümayəndəsi cənab Yan Kuçerak "Demokratiyanın inkişaf etməkdə olduğu ölkələrdə şahidlərin müdafiəsi proqramının yaradılması - Slovakiya təcrübəsi" mövzusunda xülasə ilə çıxış etmişlər. Xülasədə Avropa ölkələrində mövcud olan proqramlar arasında, habelə həmin proqramlarla ABŞ proqramları arasında oxşar və fərqli cəhətlər, biometriya (xarici görünüşün dəyişdirilməsi) məsələləri və bununla bağlı yaranan problemlər barədə məlumatlar verilmiş, fikir mübadiləsi aparılmışdır.
Seminarın üçüncü günü İtaliya polisinin nümayəndəsi cənab Alberto Andreani insan alverinə dair işlər üzrə qurbanlara kömək göstərilməsi və şahidlərin müdafiəsi zamanı yaranan məsələlər barədə xülasə ilə çıxış etmiş, traffikin İtaliya marşrutlarına dair məlumatlar vermiş, əməliyyat yolu ilə əldə edilmiş fotoşəkillər nümayiş etdirilmişdir.
ABŞ Ədliyyə Nazirliyinin şahidlərin müdafiəsi məsələləri üzrə koordinatoru xanım Lorna Qrenadyer "Şahidlərin müdafiəsi və insan alveri qurbanlarına kömək göstərilməsi üzrə ABŞ təcrübəsi" haqqında məlumat vermişdir. Çıxışda insan alveri qurbanlarına yardım göstərilməsində qeyri-hökumət təşkilatlarının rolu xüsusi vurğulanmış, QHT-lərin qurbanlar və hüquq-mühafizə orqanları arasında əlaqələndirici bənd rolu oynamalarının əhəmiyyəti qeyd edilmişdir.
Mövzu üzrə müzakirələr zamanı Azərbaycanda da bu təcrübədən istifadə edildiyi, insan alverinə qarşı mübarizə üzrə qanunvericiliyimizdə bunun bilavasitə təsbit olunduğu məruzəçinin, habelə seminar iştirakçılarının diqqətinə çatdırılmışdır. Bildirilmişdir ki, Azərbaycan Respublikası 13 may 2003-cü il tarixli qanunla BMT-nin "Transmilli mütəşəkkil cinayətkarlığa qarşı" Konvensiyasını (qısa olaraq Palermo Konvensiyası da adlandırılır), onu tamamlayan "İnsan alverinin, xüsusən qadın və uşaq alverinin qarşısının alınması, aradan qaldırılması və cəzalandırılması haqqında" Protokolunu təsdiq etdikdən sonra həmin beynəlxalq sənədlərdə təsbit olunmuş normaların Azərbaycan Respublikasının qanunvericiliyinə implementasiyası üçün zəruri qanunvericilik tədbirləri görülmüşdür. İlk növbədə, Azərbaycan Respublikası Prezidentinin 06 may 2004-cü il tarixli sərəncamı ilə Azərbaycan Respublikasında İnsan Alverinə qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planı təsdiq edilmişdir. Həmin Plana uyğun olaraq "İnsan alverinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edilmiş, Qanunun tətbiqi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti müvafiq fərman vermiş, Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavə və dəyişikliklər edilmiş, o cümlədən, Cinayət Məcəlləsinə insan alverinə, məcburi əməyə, insan alveri cinayətindən zərərçəkmiş şəxs haqqında konfidensial məlumatları yaymağa görə cinayət məsuliyyətini müəyyən edən normalar əlavə edilmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları ilə "İnsan alveri qurbanlarının sosial reabilitasiyasının həyata keçirilməsi Qaydaları", "İnsan alveri qurbanlarına Kömək Fondu haqqında Əsasnamə", "İnsan alveri qurbanları üçün xüsusi müəssisələrin yaradılması, maliyyələşdirilməsi, fəaliyyəti, habelə onların fəaliyyətinə nəzarət Qaydaları" təsdiq edilmişdir.
Milli Fəaliyyət Planına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin tərkibində İnsan Alverinə Qarşı Mübarizə İdarəsi yaradılmışdır. İnsan alverinə qarşı mübarizədə ölkəmizin hüquq-mühafizə orqanlırı ilə qeyri-hökumət təşkilatları arasında əməkdaşlıq edildiyi xüsusi vurğulanmışdır. Qeyd edim ki, seminardakı çıxışlarda insan alveri ilə mübarizədə, insan alveri qurbanlarının aşkar edilməsində və onların hüquq-mühafizə orqanları ilə əməkdaşlıq etməsinə yardım göstərilməsində qeyri-hökumət təşkilatlarının roluna böyük əhəmiyyət verildiyi dəfələrlə təkrarlanmışdır.
Müzakirələrdə amerikalı ailələr tərəfindən azərbaycanlı uşaqların övladlığa götürüldüyü barədə xanım L.Qrenadyerə tərəfimizdən məlumat verilmiş, övladlığa götürülən uşaqlardan insan alveri cinayətlərinin törədilməsində vasitə kimi istifadə olunması hallarına diqqəti cəlb edərək, həmin uşaqların taleyi ilə bağlı narahatçılığımız amerikalı təmsilçinin nəzərinə çatdırılmışdır.
Həmin gün iştirakçılara ölkələr üzrə qruplara bölünərək hipotetik ssenari üzrə öz ölkələrinin qanunvericiliyi əsasında şahidlərin müdafiəsi və qurbanlara kömək göstərilməsi planının hazırlanması həvalə edilmişdir. Təqdim olunmuş ssenari üzrə nümayəndə heyətimiz tərəfindən insan alverinə qarşı mübarizə ilə bağlı məruzə hazırlanmışdır.
Həmin günün ikinci yarısında seminar iştirakçıları üçün ekskursiya təşkil olunmuş, Budapeşt şəhərinin tarixi barədə məlumatlar verilmişdir. Budapeştlilərin şəhərin tarixinə necə hörmətlə yanaşdıqları, qədim tikililəri göz bəbəyi kimi qoruduqları hər addımda hiss olunurdu. Nəqliyyat vasitələrinin sayı çox olsa da, tıxaca yalnız bir yerdə, şəhərin mərkəzi küçəsində rast gəldik. Diqqətimizi çəkən və həsədimizə səbəb olan isə səs siqnallarından sürücülərin ümumiyyətlə istifadə etməmələri, yol hərəkəti iştirakçılarının yol hərəkəti qaydalarına dəqiq əməl etmələri və polis əməkdaşlarına, o cümlədən, yol-patrul xidməti əməkdaşına ümumiyyətlə, rast gəlməməyimiz oldu.
Seminarın dördüncü günü püşkatma yolu ilə iştirakçıların çıxışlarının ardıcıllığı müəyyən edilmiş, hipotetik ssenari üzrə hazırlanmış məruzələr dinlənilmişdir.
ABŞ Federal Təhqiqatlar Bürosunun (FBİ) əməkdaşı Maykl Byernsin insan alveri ilə bağlı konkret cinayət işi üzrə təhqiqat barədə məlumatı nümayəndə heyətimizin üzvləri üçün maraqlı oldu. Həmin cinayət işi ABŞ-da yaşayan Azərbaycan Respublikası vətəndaşlarının da daxil olduğu cinayətkar qrup tərəfindən törədilən insan alveri cinayətləri ilə bağlı idi. Məruzəçi cinayətin qurbanları və Azərbaycanın hüquq-mühafizə orqanları ilə əməkdaşlıq sayəsində cinayətkarların aşkar olunduğunu və onların cinayət məsuliyyətinə cəlb edildiyini iştirakçıların diqqətinə çatdırmış, Azərbaycanın hüquq-mühafizə orqanları ilə əməkdaşlığı yüksək qiymətləndirmişdir.
Seminarın sonuncu günü iştirakçılar arasında seminarda dinlənilmiş mövzularla bağlı fikir mübadiləsi aparılmış, yekun çıxışlar edilmiş, iştirakçılara diplomlar təqdim olunmuşdur.
İlqar Hüseynov,
Hakimliyə namizəd
|
|