|
Presedent hüquq qədim tarixə malikdir. Qədim Romada ediktlər (şifahi ərizələr) və ya başqa magistrlərin qərarları presedent kimi çıxış edirdi. Orta əsrlərdə presedent hüququn mənbəyi kimi daha çox İngiltərədə işlənməyə başlanmışdır. Normandiya lideri I Vilyam 1066-cı ildə İngiltərəni zəbt edəndən sonra krallığın səyyar məhkəmələrini yaratdı ki, onlar işləri yerində həll edib, qərar verirdilər. Həmin qərarlar anoloji işlərə baxılarkən əsas götürülürdü və eyni məzmunlu qərarlar qəbul olunurdu. Beləliklə, presedentlər vahid bir sistem kimi formalaşmağa başladı ki, anqlosakson hüquq sistemində hüququn mənbəyi kimi qəbul olundu.
Hüquq məkanında presedent anlayışı, məhz anqlosakson hüquq sisteminə aid olunan hüquq mənbəyi kimi başa düşülürdü. Son dövrlərə qədər kontinental hüquq sisteminə aid olan dövlətlərdə, o cümlədən ölkəmizdə məhkəmə presedentinə istinad edilməsinə yol verilmirdi. Lakin Azərbaycan Prezidenti cənab İlham Əliyevin Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında" 2006-cı il 19 yanvar tarixli fərmanından sonra İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun tətbiqi önə çəkildi. Bu, yeni bir təkamül prosesinin başlanğıcı oldu.
Azərbaycan 2001-ci ildən İnsan Haqları üzrə Konvensiyaya qoşulub. Konvensiyanın 46-cı maddəsinə müvafiq olaraq, Avropa Məhkəməsinin Azərbaycana münasibətdə qəbul edəcəyi qərarlar qəti olmaqla, bütün dövlət orqanları, o cümlədən, məhkəmələr üçün məcburidir. Həmin maddənin tələbinin pozulmaması üçün dövlətdə müvafiq mexanizm olmalı, milli məhkəmələr tərəfindən Avropa Məhkəməsinin presedent hüququna müraciət edilməlidir. Konvensiyanın yaratdığı hüquq qaydasının konseptuallığı bir çox hallarda onunla izah olunur ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarları iştirakçı dövlətlərin Ali və Konstitusiya məhkəmələrinin qərarlarında nəzərə alınır, bu da həmin qərarların birbaşa dövlətin daxili hüququna öz təsirini göstərir.
Bəşər sivilizasiyanın ən müdrik kəşflərindən sayılan insan hüquqları bu gün hamının qəbul etdiyi ən qiymətli nailiyyətdir. İnsan hüquqlarına ehtiram, insan hüquqlarının müdafiəsi sivil dünyaya qovuşmağın əsas yoludur. Ulu öndərimiz Heydər Əliyev 1993-cü ildə yenidən Azərbaycanda hakimiyyətə gələndən sonra, insan hüquqları dövlətin strategiyasının əsas istiqaməti olmuşdur. Həmin vaxtlar iqtisadi çətinlik və qeyri-sabit durumun mövcud olmasına baxmayaraq, ümummilli liderimiz bəşəri dəyərləri dövlətimizin əsas siyasi xətti kimi bəyan edərək, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunu ölkəmizin inkişaf yolu kimi müəyyənləşdirmişdi. Dünyada çox az Konstitusiya tapılar ki, onun maddələrinin üçdə bir hissəsi insan hüquqlarına və onların təminatlarına həsr edilsin. Azərbaycan Respublikası Konstitusiyasının 158 maddəsindən 48-i insan hüquqlarına həsr edilib. 1998-ci ildə ölüm hökmünə monitorinq qoyuldu, daha sonra bu cəza növü ölkəmizdə tamamilə ləğv edildi. Onu da qeyd edək ki, Konstitusiyamızın tələblərinə uyğun olaraq qəbul olunan milli qanunvericiliyimiz ən müasir tələblərə cavab verir.
Qeyd etdiyimiz kimi, Azərbaycan Prezidenti cənab İlham Əliyevin 19 yanvar 2006-cı il tarixli fərmanı ilə ölkəmizdə öyrənilməsi və tətbiqinə başlamış presedent hüququ ötən iki il ərzində öz tərəqqisini tapmışdır. Bunun üçün qısa müddət ərzində lazımi tədbirlər görülmüş və ən başlıcası Azərbaycan Respublikası Ali Məhkəməsinin Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında" qərarı bu işin ardıcıl və keyfiyyət aparılmasına geniş imkanlar açmışdır. Odur ki, Ali Məhkəmənin Prezident fərmanının icrası ilə bağlı bu qərarı əhəmiyyətli və vaxtında qəbul edilmiş qərar kimi qiymətləndirilir. Çünki, pozulmuş hüquqların bərpası sonda məhkəmələrdə bərpa olunur, odur ki, məhz məhkəmələr tərəfindən presedentlərin öyrənilməsi zəruri hesab edilmişdir. Artıq Avropa presedentlərinin öyrənilməsinə bütün hüquqşünaslar, ilk növbədə hakimlər maraq və həvəs göstərirlər ki, bu da məhkəmələrdə insan hüquq və əsas azadlıqlarının müdafiəsində yeni Avropa modelinin tətbiqinə daha geniş imkanlar yaradır. Əminliklə demək olar ki, artıq ölkəmizdə Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnun öyrənilməsinə mühüm diqqət yetirilir. Əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş insan hüquqları sahəsində məqsədyönlü islahatlar möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir və bu islahatlar sayəsində Azərbaycan yeni-yeni nailiyyətlərə qovuşur.
Hakimiyyətin bir qolu olan məhkəmə hakimiyyətinin rolu və əhəmiyyəti, nüfuzu cəmiyyətdə çox vacib sayılır. Məhkəmə-Hüquq Şurasının səyi ilə məhkəmələrin fəaliyyəti Avropa tələblərinə uyğunlaşdırılır. Odur ki, bu gün iftixar hissi ilə demək olar ki, məhkəmə hakimiyyəti xalqın etibarını qazanmışdır. Məhz yüksək səviyyəli, hazırlıqlı hakim korpusunun mövcudluğu nəticəsində, ədalətli qərarların qəbul olunmasına nail olunur.
Xüsusən, qeyd olunmalıdır ki, hakimliyə namizədlər üçün keçirilən təlim kurslarında Avropa Məhkəməsinin strukturu, iş təcrübəsi və presedent hüququ barədə geniş məlumat verilir, milli məhkəmələrin fəaliyyətində beynəlxalq hüquq normalarının, xüsusilə, insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyası tələblərinin nəzərə alınmasının zəruriliyi barədə dəyərli tövsiyələr verilir. Bunun üçün Avropadan ən təcrübəli ekspertlər dəvət edilir, onlar bu kurslarda mühazirələr oxuyurlar, president hüququnun tətbiqi təcrübəsindən danışırlar.
Natiq ABBASOV,
Hakimliyə namizəd
|
|