Əsas səhifə   |   Sual-cavab   |  Saytın xəritəsi   |  Əlaqələr




    İNSAN HÜQUQLARI ÜZRƏ AVROPA MƏHKƏMƏSİNİN TƏCRÜBƏSİNDƏ SƏMƏRƏLİ HÜQUQİ MÜDAFİƏ VASİTƏLƏRİ HÜQUQU


MADDƏ 13.

Bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələrinə malikdir.
.

I. GİRİŞ

Azərbaycan Respublikasının Konstitusiyası insan hüquq və azadlıqlarını ümumbəşəri yüksək dəyərlər kimi qiymətləndirərək, onların təmin edilməsini dövlətin ali məqsədi elan etmiş, hüquqları gözləməyi və qorumağı isə qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcu kimi təsbit etmişdir.
Azərbaycan Respublikası «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi Konvensiyanın və ona əlavə Protokolların tətbiqi və təfsiri məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanımışdır. Məhkəmənin presedent hüququ Konvensiyanın tərkib hissəsi kimi qəbul edilməli və hüquq tətbiqetmə təcrübəsində rəhbər tutulmalıdır.
Azərbaycan Respublikası Prezidentinin məhkəmə sisteminin müasirləşdirilməsi ilə bağlı tədbirlərə dair 19 yanvar 2006-cı il tarixli Fərmanında Azərbaycan Respublikasının Ali Məhkəməsinə və digər yuxarı instansiya məhkəmələrinə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi işini təşkil etmələri və onu məhkəmə təcrübəsində nəzərə almaları tövsiyə edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2006-cı il tarixli «Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında» Sərəncamında da Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə və Ali Məhkəməsinə insan hüquqlarının müdafiəsini tənzimləyən beynəlxalq sənədlərin müddəalarının məhkəmə təcrübəsində tətbiqini təmin etmək tövsiyə edilmişdir.
«Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30 mart 2006-cı il tarixli Ali Məhkəmənin Plenum qərarında isə göstərilir ki, insan və vətəndaş hüquq və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər.

II. MƏQSƏD

Konvensiyanın 13-cü maddəsi milli dövlətlərin üzərinə Konvensiya ilə təminat altına alınmış hüquq və azadlıqlarının pozulduğunu iddia edən hər kəsə bu iddialarının milli hüquq çərçivəsində araşdırılıb pozuntunun nəticələrini ortadan qaldırmağı təmin edən səmərəli hüquqi müdafiə vasitələri yaratma və bu mexanizmin səmərəli şəkildə fəaliyyət göstərməsini təşkil etmə öhdəliyi qoyur.
Konvensiya ilə təminat altına alınmış hüquq və azadlıqların pozuntusu ilə bağlı iddiaların səmərəli şəkildə araşdırılması və onları törədənlərin cəzalandırılmasına dair dövlətlərin pozitiv öhdəlikləri mövcuddur.
Fərdlərin Konvensiyada təsbit edilmiş hüquq və azadlıqlarının müdafiəsinə ilk növbədə milli dövlətlər məsuliyyət daşıyırlar. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin həyata keçirdiyi müdafiə də subsidiar müdafiə vasitəsidir. Bu öhdəliklər milli dövlətlərin üzərinə Konvensiyanın 1-ci maddəsi ilə qoyulmuşdur: «Razılığı gələn Yüksək Tərəflər onların yurisdiksiyası altında olan hər kəs üçün bu Konvensiyanın birinci bölməsində müəyyən olunmuş hüquq və azadlıqları təmin edirlər». Konvensiyanın 1-ci maddəsi ilə müəyyən edilmiş bu prinsip, 13-cü maddənin müddəaları ilə daha ciddi şəkildə vurğulanaraq möhkəm təsbit edilmişdir.
13-cü maddənin məqsədi İnsan hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən çıxarılmış qərarların milli səviyyədə yerinə yetirilməsini təmin etməkdən ibarət deyildir. Məqsəd ondan ibarətdir ki, Konvensiyanın qoruduğu hər hansı bir hüquq və ya azadlığın pozuntusu iddiasına əvvəlcə məhz milli orqanlar tərəfindən baxılaraq pozuntunun bərpası təmin edilməli və ancaq milli səviyyədə bu mümkün olmadıqda pozuntu iddiası ilə subsidiar səlahiyyətə malik Konvensiya orqanlarına müraciət edilməlidir.

III. SƏLAHİYYƏTLİ ORQAN

Maddədə ümumi bir məfhum kimi «dövlət orqanlarına» müraciətdən söz edilir. Dövlət orqanı dedikdə mütləq məhkəmə səlahiyyətlərinə malik orqan başa düşülməməlidir. Bununla yanaşı, mövcud müdafiə vasitələrinin səmərəliliyinin qiymətləndirilməsində müraciət edilən orqanın səlahiyyətləri və həmin orqanın hüquqları bərpa edə biləcək real imkanları nəzərə alınmalıdır (Silver Etautres İngiltərəyə qarşı, Leander İsveçə qarşı, Jhahal İngiltərəyə qarşı, Klass və digərləri Almaniyaya qarşı və s.).
Təsadüfi deyildir ki, məhz belə yanaşmanı rəhbər tutmaqla Məhkəmə 6-cı maddənin 1-ci bəndində və 5-ci maddənin 4-cü bəndində göstərilən «məhkəməyə müraciət etmə» hüququnu 13-cü maddəyə münasibətdə daha əhatəli və təminatlı hesab edərək, göstərilən maddələrin pozuntusunu təsbit etdikdə, şikayəti ayrıca olaraq 13-cü maddənin tələblərinə uyğunluq baxımından araşdırmağa ehtiyac görmür (Jampbell et Fell İngiltərəyə qarşı, Murray İngiltərəyə qarşı, Bouamer Belçikaya qarşı və s.).
Hüquq və azadlıqların pozuntusu halında müraciət ediləcək orqan işin mahiyyətini araşdıraraq pozuntu faktının mövcudluğunu təsbit etdikdə, həmin pozuntunu bərpa edən və real icra edilə bilmə keyfiyyətinə malik qərar çıxarma səlahiyyəti olan orqan olmalıdır (Rubinat İtaliyaya qarşı, Leander İsveçə qarşı və s.).
Bir neçə müraciət edilə biləcək orqan mövcud olduqda və bunlardan hər birinin ayrılıqda 13-cü maddənin tələblərinə cavab verməməsi halında, həmin orqanların hamısı bütövlükdə götürülüb qiymətləndirilərkən maddənin tələblərinə cavab verməsi kifayət edən amil kimi qəbul edilə bilər (Van Drogenbroeck Belçikaya qarşı, Leander İsveçə qarşı və s.).
Maddədə «səmərəli müraciət» hüququndan bəhs edildiyi nəzərə alındıqda bu müraciət imkanı Məhkəmənin dəfələrlə vurğuladığı kimi «nəzəri və xəyali» deyil, real və həqiqətdə mövcud olan, yəni nəticə verə bilən və əlverişli olmalıdır.
Müraciətin səlahiyyətli orqan tərəfindən rədd edilməsi özü-özlüyündə hüququn müdafiəsinin həmin vasitəsinin «səmərəli», yəni «gerçək və əlverişli» olmadığı mənasına gəlməz. Bu mənada, 13-cü maddə «pozitiv nəticə almaq» təminatını deyil, lazımi səlahiyyətlərə malik bir orqana «müraciət imkanına sahib olmaq» təminatını nəzərdə tutur (Sunday Times İngiltərəyə qarşı, Soering İngiltərəyə qarşı və s.).
Səlahiyyətli orqana müraciət imkanının müəyyən şərtlərdən (xüsusilə də qanunda müəyyən edilmiş müddətlərə əməl edilməsi, maliyyə təminatlarının göstərilməsi, müraciətin formal tələblərinə uyğunluq və s. kimi şərtlərdən) asılı edilməsi mümkündür və bu hallar 13-cü maddənin müddəaları ilə ziddiyyət təşkil etmir.

IV. MADDƏ MÜDDƏALARININ HADİSƏYƏ TƏTBİQİ

Konvensiyanın 13-cü maddəsi müstəqil bir varlığa sahib deyildir və digər maddələrdən biri ilə əlaqədə tətbiq edilir. Beləliklə, 13-cü maddənin təminat altına aldığı səmərəli hüquqi müdafiə vasitələri hüququnun pozulub-pozulmadığı yalnız Konvensiyadakı hər hansı bir hüquq və azadlığın pozuntusunun təsbit edilməsindən asılı olaraq birgə dəyərləndirmə nəticəsində müəyyən edilə bilər.
Lakin 13-cü maddə ilə bağlı olan digər maddənin pozuntusu aşkar edilmədikdə də, 13-cü maddənin müddəalarının pozuntusuna yol verilə bilər (Klas et autres Almaniyaya qarşı).
Soering İngiltərəyə qarşı işdə Məhkəmə qeyd etmişdir ki, müraciət edilən orqanın səmərəliliyi mütləq olaraq şəxsin lehinə hansısa bir nəticəyə nail olunmasından asılı deyildir.

V.MÜDAFİƏ EDİLƏBİLƏNLİK VƏ QƏBUL EDİLƏNLİK PRİNSİPLƏRİ

13-cü maddənin müddəalarının tətbiq edilə bilməsi üçün Konvensiya müddəalarının pozuntusuna dair iddiaların ağlabatan və müdafiə edilə bilən xarakterdə olması kifayət edir (De Wild Ooms et Versyp Belçikaya qarşı, Jostello Roberts İngiltərəyə qarşı).
Məhkəmə «müdafiə ediləbilənlik» məfhumunun anlayışını və müəyyənləşdirilməsi meyarlarını dəqiq vermir. Məhkəmə bu məfhumu pozulduğu iddia olunan əsl maddəyə aid konkret maddi və hüquqi vəziyyət, eləcə də hadisələr çərçivəsində qiymətləndirərək bir nəticəyə gəlir (Boyle and Rice İngiltərəyə qarşı, Laben Avstriyaya qarşı və s.).
Konvensiyanın 35-ci maddəsinin 3-cü maddəsinə görə, Məhkəmə 34-cü maddəyə müvafiq olaraq verilmiş istənilən fərdi şikayəti, bu Konvensiya və ya onu Protokollarının müddəaları ilə bir araya sığmayan, açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edə bilər.
Eyni maddənin 4-cü bəndinə görə isə Məhkəmə bu maddəyə müvafiq olaraq qəbul olunmayan hesab etdiyi istənilən şikayəti rədd edir. O, bunu icraatın istənilən mərhələsində edə bilər.
Fried Avstriyaya qarşı işdə İnsan Hüquqları üzrə Avropa Komissiyası (11 saylı protokolun qüvvəyə minməsi ilə ləğv edilmişdir) 13-cü maddənin «müdafiə edilə bilənliklə» bağlı taleyini pozulduğu iddia edilən hüquqa həqiqətən bir müdaxilənin olub-olmadığının nəticəsi ilə əlaqələndirmişdir. Komissiya səs çoxluğu ilə belə qərara gəlmişdir ki, konkret hadisədə şəxsi həyata müdaxilə faktı təsdiq olunmadığı üçün şikayət 13-cü maddə baxımından da «müdafiə edilə bilən» hesab edilə bilməz və nəticə olaraq 13-cü maddənin bu hadisəyə tətbiq edilməsi mümkün deyildir. Eyni iş üzrə xüsusi rəydə qalmış digər Komissiya üzvləri isə hesab etmişlər ki, əgər iş icraata qəbul edilərək mahiyyəti üzrə araşdırılmış, lakin sonradan maddənin pozulmadığı nəticəsinə gəlinmişsə, şikayətin «müdafiə edilə bilməyən» elan edilməsi doğru deyildir.
Təpəli Türkiyəyə qarşı və Uyanık Türkiyəyə qarşı işlərdə isə şikayətçilər Yüksək Əsgəri Şuranın qərarları ilə birtərəfli qaydada pensiyaya çıxarılmalarından şikayət edirdilər. Onlar Şuranın başqa heç bir instansiyaya şikayət verilməsi imkanı olmayan qəti qərarlarının 9 və 10-cu maddələrlə yanaşı, 13-cü maddəyə də zidd olduğunu iddia edirdilər. Məhkəmə isə şikayətçilərin 9-cu maddə ilə bağlı iddialarını müdafiə edilə bilən hesab etmədiyi üçün, 13-cü maddənin hər hansı pozuntusunun da təsbit edilməsinin mümkün olmadığına qərar vermişdir.

VI. DAXİLİ MÜDAFİƏ VASİTƏLƏRİNİN TÜKƏTİLMƏSİ ŞƏRTİ

Konvensiyanın 35-ci maddəsinin 1-ci bəndinə görə yalnız beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına müvafiq olaraq bütün daxili hüquq müdafiə vasitələri tükəndikdən sonra və son qərarın çıxarıldığı tarixdən altı ay müddət keçənədək Məhkəməyə müraciət etmək olar.
Məhkəmənin daxili hüquq müdafiə vasitələrinin tükətilməsi məsələsinə dair presedent hüququna görə, Məhkəməyə müraciət edən şəxslər Strasburq orqanlarına müraciət etməzdən əvvəl milli hüquqdakı prosedur qaydalarına riayət etməklə səlahiyyətli milli orqanlara müraciət etməli və Konvensiya ilə təminat altına alınmış hüquqlarının pozuntusuna dair şikayətlərini həmin orqanların diqqətinə çatdırmalıdırlar. Buradakı mühüm məqam isə ondan ibarətdir ki, həmin daxili müdafiə vasitələri şikayətçi üçün əlçatan olmalıdır.
Daxili hüquq müdafiə vasitələrinin tükətilməsi ilə Konvensiyanın 13-cü maddəsi arasında sıx əlaqə vardır. Məhkəmə bir çox qərarlarında milli orqanların şikayətçinin iddialarına münasibətdə hərəkətsizlik nümayiş etdirdiklərini müəyyən etdikdə cavabdeh dövlətin şikayətçinin daxili müdafiə vasitələrini tükətməməsinə dair iddialarını rədd etməklə yanaşı, eyni zamanda 13-cü maddənin pozulduğu nəticəsinə də gəlmişdir.
Çakıcı Türkiyəyə qarşı işdə Məhkəmə qeyd etmişdir ki, o, daim 13-cü maddəni yalnız Konvensiya baxımından «əsaslı» sayıla bilən şikayətlərə münasibətdə daxili hüquqi müdafiə vasitəsini tələb edən maddə kimi şərh edib. 13-cü maddə Konvensiyada nəzərdə tutulan hüquq və azadlıqların daxili hüquq sistemində hansı formada təmin olunmasından asılı olmayaraq, onların həyata keçirilməsi üçün milli səviyyədə hüquqi müdafiə vasitəsinin mövcudluğunu təmin edir. Buna görə də, bu maddə «səlahiyyətli milli hakimiyyət orqanı» tərəfindən Konvensiya üzrə müvafiq şikayətin mahiyyətinə baxılmasına və həll olunmasına imkan verən daxili hüquqi müdafiə vasitəsinin təmin olunmasını tələb edir, hərçənd ki, Razılığa gələn Dövlətlər bu maddə üzrə öhdəliklərinə riayət etmə üsulu baxımından müəyyən sərbəstliyə malikdirlər. Öz növbəsində hüquqi müdafiə vasitəsi istər praktiki, istərsə də nəzərə cəhətdən səmərəli olmalıdır.
Daxili hüquqi müdafiə vasitələrinin təkmilləşdirilməsi haqqında Nazirlər Komitəsinin 12 may 2004-cü il tarixli Tövsiyəsində (Rec. (2004)6) vurğulanır ki, Konvensiyanın 13-cü maddəsində nəzərdə tutulan öhdəlikdən, yəni əsaslı iddiaya malik olan fərdi milli hakimiyyət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələri ilə təmin etmək öhdəliyindən əlavə, dövlətlər həm də aşkar edilmiş pozuntuların kökündə duran problemləri həll etməkdən ibarət ümumi öhdəlik daşıyırlar. Milli səviyyədə, xüsusən analoci şikayətlərin təkrarlandığı işlərdə hüquqi müdafiə vasitələrinin təkmilləşdirilməsinin Məhkəmənin iş yükünün azalmasına kömək etməli olduğunu nəzərə alaraq, Nazirlər Komitəsi Razılığa Gələn Dövlətlərə tövsiyə edir ki, dövlətin hüquq və ya praktikasındakı struktur qüsurları və ya ümumi qüsurları qeyd edən Məhkəmə qərarlarından sonra bu məsələni araşdırsınlar və «analoci şikayətlərin təkrarlandığı işlərin Məhkəməyə təqdim edilməsinin qarşısını almaq üçün zərurət olduqda səmərəli hüquqi müdafiə vasitələrini bərqərar etsinlər».
Məhkəmə Kaya Türkiyəyə qarşı iş üzrə verdiyi qərardan etibarən 2-ci maddə ilə təminat altına alınmış yaşamaq hüququ ilə bağlı şikayətlərdə milli hüquqda ölüm hadisəsinin ümumiyyətlə araşdırılmamasının və ya lazımi araşdırılmamasının 2-ci maddənin pozuntusunu doğuracağı nəticəsinə gəlmişdir.
Eynilə, Məhkəmə Assenov Bolqarıstana qarşı işdə də şikayətçinin işgəncə verilməsi ilə bağlı iddialarının milli hüquqda səmərəli şəkildə araşdırılmadığı nəticəsinə gələrək 3-cü maddənin pozuntusunun baş verdiyinə dair qərar çıxarmışdır.
Yuxarıda qeyd edilən Kaya və Assenov işlərində Məhkəmənin yaşamaq hüququ və işgəncələrin qadağan edilməsi ilə bağlı müəyyənləşdirdiyi yeni yanaşması presedentə çevrilərək sonrakı bir çox işlərdə tətbiq edilmişdir.

VII. SƏMƏRƏLİ ARAŞDIRMA

Konvensiya ilə təminat altına alınmış hüquq və azadlıqlar mümkün olan ən üst səviyyədə və hər bir halda Məhkəmənin presedent hüququ ilə müəyyənləşdirilmiş çərçivəyə uyğun müdafiə edilməlidir.
Ona görə də, «səmərəli araşdırmanı» da məhz Məhkəmənin presedent hüququna uyğun şəkildə qəbul etmək lazımdır. Məhkəmənin buna dair mövqeləri isə əsasən 2, 3 və 5-ci maddələrin pozuntusu ilə bağlı çıxardığı qərarlarda əks olunub. Həmin qərarlarının bir çoxunda Məhkəmə əlavə olaraq həm də 13-cü maddənin pozulduğunu müəyyən edib.
Məhkəmənin presedent hüququna çevrilmiş Mc Jann İngiltərəyə qarşı və Kaya Türkiyəyə qarşı qərarlarda dövlətin səlahiyyətli şəxsləri və ya fiziki şəxslər tərəfindən güc tətbiq edilməsi nəticəsində ölüm hadisəsi baş verdiyində rəsmi və səmərəli araşdırmanın aparılmasının zəruriliyi vurğulanmışdır. Bu araşdırma hadisə zamanı istifadə olunmuş güc tətbiqinin mütənasib olub-olmadığının aydınlaşdırılmasına, təqsirkarların müəyyənləşdirilməsinə və cəzalandırılmasına imkan verəcək səmərəli şəkildə aparılmalıdır.
Məhkəmə bir çox qərarında qeyd etmişdir ki, milli orqanlar ölüm hadisəsindən xəbər tutduqda onlara hansısa rəsmi bir şikayətin verilməsini gözləmədən araşdırma başlamalıdırlar.
Məhkəmənin qərarlarına görə bir araşdırmanın ən önəmli ünsürlərindən birini mümkün olan ən qısa zamanda hərəkətə keçməklə dəlillərin itməsinə yol vermədən, şahidlərin ifadələrini hadisə hafizələrdə hələ öz canlılığını qoruyarkən almaqdır.
Məhkəmə əsasən Türkiyənin cənub-şərqində baş verən hadisələrlə bağlı verilən şikayətlər üzrə çıxardığı qərarlarda (Kurt Türkiyəyə qarşı, Çakıcı Türkiyəyə qarşı, Akdəniz və digərləri Türkiyəyə qarşı və s.) şübhəli şəxs kimi saxlanılan şəxslərin itkin düşməsi məsələlərinə toxunmuşdur. Həmin qərarlarda göstərilir ki, itkin düşmə ilə bağlı araşdırmaları aparan dövlət rəsmiləri əsasən şübhəli şəxs kimi saxlanılma ilə bağlı protokollara baxmaqla kifayətlənmişlər. İtkin düşdüyü iddia edilən şəxslərin şübhəli şəxs kimi saxlanılmaya dair protokollarda adlarının olmaması halında bəzən araşdırmaların icraatına xitam verilmiş, ehtimal olunan hal şahidləri, eləcə də müvəqqəti saxlama yerlərində işləyən polislər dindirilməmişdir. Bu qərarlarda Məhkəmə həmçinin şübhəli şəxs kimi saxlanılma protokollarının da lazımi qaydada tərtib edilmədiyi nəticəsinə gəlmişdir.
Məhkəmə bir çox qərarlarında araşdırmanı aparan vəzifəli şəxsin özünün hadisə yerinə getməsinin və hal şahidlərini şəxsən dindirməsinin əhəmiyyətinə diqqət çəkmişdir. Bundan başqa, araşdırmanı aparan vəzifəli şəxsin hadisə yerindən dəlillərin toplanmasında iştirakının araşdırmanın daha səmərəli aparılması və tamamlanması baxımından önəmli olduğu vurğulanmışdır. Bu mənada, hadisə yerindən götürülmüş maddi sübutlar öz əhəmiyyətlərini itirmədən və yox olmadan incələnmək üçün ekspertizaya göndərilməlidir. Hadisə yerinin və zərərçəkmişin fotoşəkillərinin çəkilməsi, cinayət işi üzrə əhəmiyyətə malik ola biləcək sxem və çertyocların tərtibi də hadisənin aydınlaşdırılması və təqsirkarların məsuliyyətə cəlb edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Məhkəmə təhlükəsizlik qüvvələri tərəfindən qəsdən adam öldürmə cinayətlərinin törədildiyi iddia olunan şikayətlər üzrə (Kaya Türkiyəyə qarşı, Taş Türkiyəyə qarşı, Tanrıkulu Türkiyəyə qarşı və s.), evlərin və əmlakın təhlükəsizlik qüvvələri tərəfindən dağıdıldığının iddia olunduğu şikayətlər üzrə (Menteş və digərləri Türkiyəyə qarşı, Səlçuk və Əsgər Türkiyəyə qarşı və s.), 3-cü maddəyə zidd davranışa məruz qalma ehtimalının olduğu ölkəyə deportasiya edilmədən və ya verilmədən şikayətlər üzrə (Soering İngiltərəyə qarşı, Jhahal İngiltərəyə qarşı və s.), kompensasiya tələbi ilə bağlı şikayətlər üzrə (Powell və Royner İngiltərəyə qarşı), telefon danışıqlarının gizli dinlənilməsi və axtarış aparılmasına dair şikayətlər üzrə (Maccallum İngiltərəyə qarşı, Domenichini İtaliyaya qarşı, Klass və digərləri Almaniyaya qarşı) milliləşdirmə ilə bağlı şikayətlər üzrə (İatris Yunanıstana qarşı) çıxardığı qərarlarda səmərəli hüquq müdafiə vasitəsinin olmamasına istinadla 13-cü maddənin pozulduğuna qərar vermişdir.

VIII. MÜSTƏQİL VƏ QƏRƏZSİZ ARAŞDIRMA

Məhkəmə qeyd edir ki, səmərəli araşdırma mümkün olduğu qədər ictimaiyyətə açıq, araşdırılan hadisənin törədilməsi ilə əlaqəsi olmayan müstəqil səlahiyyətli şəxslər tərəfindən aparılmalıdır. Onu da nəzərə almaq lazımdır ki, ictimaiyyətə açıqlığın dərəcəsi hər bir konkret hadisədən asılı olaraq dəyişə bilər. Lakin hər bir halda zərər çəkənin ailəsinin və yaxın qohumlarının mənafelərinin müdafiəsi məqsədilə onların araşdırmanın gedişində iştirakı mümkün olduğu qədər təmin edilməli və aparılan araşdırma ilə bağlı məlumatlandırılmalıdırlar.
Güləç Türkiyəyə qarşı iş buna misal kimi göstərilə bilər. Həmin iş üzrə şikayətçilər Əhməd Güləç adlı uşağın qanunsuz mitinqin keçirilməsi zamanı polis maşınından açılan atəşlə öldürüldüyünü iddia edirdilər. Javabdeh dövlət isə Ə.Güləçin insanların arasına qarışmış terroristlər tərəfindən açılan atəş nəticəsində öldüyündə israr edirdi. Zərərçəkənin atası tərəfindən verilən şikayəti prokuror Məmurların mühakiməsi qanununa uyğun olaraq Rayon İdarə Şurasına göndərmiş, öz növbəsində bu Şura da hadisəni araşdırması üçün iki candarma zabitini təhqiqatçı kimi təyin etmişdir. Həmin təhqiqatçıların hazırladığı rəyin nəticəsində Rayon İdarə Şurası araşdırmaya icazə verməmiş və bu qərar sonradan qüvvəsində saxlanılaraq qətiləşmişdir. İnsan hüquqları üzrə Məhkəmə isə verdiyi qərarında hadisəni törətdikləri iddia olunan candarma əsgərlərinin hərəkətlərinin yenə məhz onların komandirləri tərəfindən araşdırılmasını tənqid edərək həmin təhqiqatçıların müstəqil bir araşdırma aparmalarının mümkün olmadığı nəticəsinə gəlmişdir.
Məhkəmə həmçinin rayon icra hakimiyyəti başçılarından və digər mülki məmurlardan ibarət olan Rayon İdarə Şuralarının da müstəqil olmadıqlarına dair qərar vermişdir (Yöyler Türkiyəyə qarşı, Bilgin Türkiyəyə qarşı, Akdəniz və digərləri Türkiyəyə qarşı).
Beləliklə, ümumən yuxarıda göstərilənlər belə qənaətə gəlməyə əsas verir ki, səmərəli araşdırma şübhəli şəxslərin müəyyənləşdirilməsinə və cəzalandırılmasına imkan yaradan tərzdə aparılmalıdır.
Məhkəmə İngiltərə əleyhinə verilmiş bir çox şikayətlərdə İrlandiya Azadlıq Ordusu (İRA) üzvlərinin İngiltərənin SAS adlandırılan xüsusi təyinatlıları tərəfindən Şimali İrlandiyada keçirilmiş əməliyyatlarda öldürülməsi hadisələrini araşdırmışdır. O zaman həmin ölüm hadisələrinin araşdırılması Şimali İrlandiya qanunvericiliyinə görə yaradılmış Təhqiqat Komissiyaları tərəfindən aparılırdı.
Həmin Komissiyaların əməliyyatlarda iştirak etmiş xüsusi təyinatlıları məcburi gətirmə və dindirmə səlahiyyəti olmadığı üçün onların ifadələri alınmırdı. Komissiyalardakı cürinin səlahiyyəti isə yalnız zərər çəkənin şəxsiyyətini müəyyənləşdirməkdən və ölüm hadisəsinin nə zaman və hansı şəraitdə baş verdiyini aydınlaşdırmaqdan ibarət idi. Komissiyanın zərərçəkənin məhz kim tərəfindən öldürüldüyünü və ölüm hadisəsinin qanunsuz əməllər nəticəsində baş verdiyini aydınlaşdırmağa imkan verən dəlilləri toplama səlahiyyəti yox idi.
Məhkəmə həmin işlər üzrə çıxardığı qərarlarda Şimali İrlandiyadakı Təhqiqat Komissiyalarının məhdud səlahiyyətlərə və funksiyalara malik olmasını, eləcə də şübhəlilərin cəzalandırılması ilə bağlı heç bir faydası olmadığını ciddi tənqid edərək 2-ci maddənin pozulduğuna qərar vermişdir.
Akdəniz və digərləri Türkiyəyə qarşı işdə məhkəmə qeyd etmişdir ki, Konvensiyanın 13-cü maddəsinin məqsədi Konvensiyada təsbit edilmiş hüquq və azadlıqlara riayət edilməsini təmin etmək üçün milli səviyyədə səmərəli hüquq müdafiə vasitəsinin mövcudluğunu təminat altına almaqdır. Bu mənada, 13-cü maddə Razılığa Gələn Yüksək Tərəflərə Konvensiyadan irəli gələn öhdəliklərini necə yerinə yetirəcəklərinə dair müəyyən mülahizə sərbəstliyi versə də, şikayətin mahiyyətini araşdıracaq və lazım olduğunda baş vermiş pozuntu faktını bərpa edəcək daxili müdafiə vasitəsinin mövcudluğunu tələb edir. Beləliklə, hər hansı bir daxil müdafiə vasitəsinin 13-cü maddəyə uyğun olan səmərəli daxili hüquq müdafiə vasitəsi kimi qiymətləndirilə bilməsi üçün o, nəinki milli qanunvericiliklə məhz belə təsbit edilməli, həm də təcrübədə həqiqi və təsirli işləyən vasitə olmalı, dövlət orqanları tərəfindən həmin vasitənin istifadə edilməsi onun səmərəliliyini şübhə altına alacaq tərzdə bu və ya digər şəkildə əngəllənməməlidir.
Kurt Türkiyəyə qarşı və Yaşa Türkiyəyə qarşı işlərdə Məhkəmə göstərmişdir ki, şikayətin məzmununu şəxsin səlahiyyətli vəzifəli şəxslərin nəzarəti altında olarkən itkin düşməsinə və ya yaşamaq hüququnun pozuntusuna dair iddialar təşkil etdikdə 13-cü maddə onu tələb edir ki, müvafiq kompensasiya ödənilməsinə əlavə olaraq, zərərçəkmişin yaxınlarının da iştirakını təmin etməklə hadisəni törədənlərin müəyyənləşdirilməsinə və cəzalandırılmasına imkan verən hərtərəfli və səmərəli araşdırma aparılmalıdır.
Finucane İngiltərəyə qarşı işdə Məhkəmə şikayətçinin vəkillik fəaliyyəti ilə məşğul olan ərinin öldürülməsi ilə bağlı aparılan araşdırmaya münasibət bildirmişdir. Bu hadisəni araşdırmaq üçün yaradılan iki təhqiqat komissiyası heç bir nəticə əldə edə bilməmişdi. Məhkəmə isə hadisənin araşdırılmasının çox uzun sürdüyünü və araşdırmanın 2-ci maddənin tələblərinə uyğun gəlmədiyini qeyd edərək 2-ci maddənin pozulduğuna qərar vermişdir.
Bu qərarın mühüm əhəmiyyəti həm də ondan ibarətdir ki, qərarda BMT tərəfindən hazırlanmış Minesota Protokoluna istinad edilmişdir. Bu protokola görə, bir ölüm hadisəsinin səmərəli araşdırılmasında ən azı aşağıdakı xüsusatlara riayət edilməlidir: zərər çəkənin şəxsiyyətinin müəyyənləşdirilməsi, gələcəkdə həyata keçirilməsi ehtimal olunan mühakimə üçün həyati əhəmiyyətə malik bütün sübut və dəlillərin toplanılıb qorunması, hal şahidlərinin müəyyənləşdirilib dindirilməsi, ölüm hadisəsinin ehtimal olunan səbəblərinin, zamanının və yerinin təsbit edilməsi və oxşar hadisələrlə əlaqəsinin araşdırılması, ölüm hadisəsinin təbii səbəblərlə, yoxsa qəza, intihar və ya cinayət nəticəsində baş verdiyinin tam olaraq aydınlaşdırılması və təqsirkarların yaxalanıb ən qısa müddətdə ədalət mühakiməsinə təslim edilməsi.
Ekspertizalar və digər müayinələr ölümlə nəticələnən hadisələrin aydınlaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Ekspertizalar mütəxəssis həkim tərəfindən aparılmalı və bütün müəyyənləşdirilənlər ekspert rəyinə daxil edilməlidir.
Eynilə, işgəncə və qeyri-insani və ləyaqəti alçaldıcı rəftara məruz qalma ilə bağlı iddiaların araşdırılmasında da ekspertiza rəylərinin mümkün olduğu qədər təfsilatlı tərtib olunması tələb olunur.
Kaya Türkiyəyə qarşı və Oğuz Türkiyəyə qarşı işlər üzrə Məhkəmə meyitlərin yalnız xarici müayinəsinin aparıldığını müəyyən etmiş və bununla da, ekspertizaların lazımi qaydada keçirilmədiyi qənaətinə gəlmişdir. Kaya işində hadisə yerində aparılan meyit müayinəsi nəticəsində hazırlanmış ekspertiza rəyinin bədənə neçə güllə girdiyini müəyyənləşdirmədiyi vurğulanmışdır. Yenə ölüm hadisəsi ilə bağlı Tanrıkulu Türkiyəyə qarşı işə dair qərarda isə göstərilmişdir ki, ekspertiza rəyi bədənə girib-çıxmış güllələrin hansı səmtdən atıldığını müəyyən etməmiş, beləliklə də, şəxsin öndən, yoxsa arxadan vurulduğu aydınlaşdırılmamışdır.
Təpə Türkiyəyə qarşı işdə milli orqanlar tərəfindən sistematik bir ekspertizanın aparılmaması Məhkəmə tərəfindən çox tənqid edilmişdir. Belə ki, ekspertizanı aparan praktikant həkim olmuş və yalnız xarici müayinə aparmış, prokuror isə məhkəmə-tibb ekspertizası sahəsində ixtisaslaşmış peşəkar ekspert-həkim tərəfindən ekspertiza aparılmasına lüzum görməmiş, bundan başqa meyit ertəsi gün dəfn edilmişdir. Məhkəmənin qərarında əvvələn sistematik ekspertizanın aparılmaması tənqid edilmiş, daha sonra isə şübhəli və təbii olmayan ölüm hadisələrində klassik ekspertizanın aparılmasının mütləq zəruriliyi vurğulanmışdır.
Salman Türkiyəyə qarşı iş isə şikayətçinin yaxın qohumunun polisdə saxlanılarkən ölməsi ilə əlaqədar olmuşdur. Şəxs saxlanılmadan əvvəl həkim müayinəsindən keçirilməmiş, saxlanıldıqdan bir gün sonra xəstəxanaya götürülərkən vəfat etmişdir. Onun döş qəfəsində və ayaqlarında çox saylı yaralar olmuş, bəzi qabırğaları isə qırılmış vəziyyətdə olmuşdur. Eyni gün aparılan ekspertiza ölüm səbəbini tam olaraq müəyyənləşdirə bilməmiş, rəy daha detallı araşdırılmaq üçün İstanbul Məhkəmə-Tibb Mərkəzinə göndərilmişdir. Oradan verilən rəydə isə ölmüş şəxsdə uzun müddətdir ki, ürək xəstəliyinin olduğu vurğulanmış və döş qəfəsindəki yaraların onun infakt keçirdiyini düşünən polislər tərəfindən şəxsi həyata qaytarmaq üçün ürəyinə masac edərkən yarana biləcəyi göstərilmişdir. Polisləri mühakimə edən milli məhkəmə isə ekspertiza rəyinə əsaslanmaqla bəraət qərarı vermişdir.
Məhkəmə isə iş üzrə iki beynəlxalq məhkəmə-tibb ekspertinin rəylərinə müraciət etmişdir. Həmin mütəxəssislər öz rəylərində göstərmişlər ki, döş qəfəsindəki yaralar kardioloci masac ilə yarana bilməzdi. Ona görə də, Məhkəmə keçirilmiş ekspertizanın ölüm səbəbini tam olaraq müəyyənləşdirməyə imkan vermədiyi qənaətinə gəlmişdir. Məhkəmə həmin qərarında həmçinin BMT-nin 1991-ci il tarixli Ekspertiza Protokoluna istinad etmişdir. Protokolda göstərilir ki, şübhəli ölüm hadisələrində ekspertiza tərəfindən müəyyənləşdirilmiş bütün hallar və gəlinən nəticələr mümkün qədər rəyə daxil edilməli, meyit üzərində bütün aşkar edilənlər fotoşəkillər çəkilməklə sənədləşdirilməlidir.
Səmərəli araşdırmanın nədən ibarət olduğuna dair Məhkəmənin mövqeləri 2001-ci il tarixli Cordan İngiltərəyə qarşı işlə bağlı qərarda xülasə formasında ortaya qoyulmuşdur. Bunlar qısaca Cordan Prinsipləri adlandırılır. Bu prinsiplər bir araşdırma zamanı minimum görülməli olan işləri ehtiva edir. Onu da qeyd etmək lazımdır ki, həmin prinsiplər dəyişən şərtlər və yeni texnologiyalardakı inkişaflar nəzərə alınmaqla təfsir edilməlidir.

Xəqani Məmmədov,
Hakimliyə namizəd



All Rights Reserved 2005 Judicial Legal ouncil of the Azerbaijan Republic