Əsas səhifə Saytın xəritəsi E-müraciət Qəbul Axtarış Əlaqə Linklər

    
        www.heydar-aliyev.org

    
               www.president.az

    
             www.azerbaijan.az

    
                 www.courts.az

    
        www.constcourt.gov.az

    
   www.supremecourt.gov.az

    
             www.justice.gov.az

    
                www.e-qanun.az


  Yeni:  

HAKİMLƏRİN ETİK DAVRANIŞ KODEKSİ



Azərbaycan Respublikası
Məhkəmə-Hüquq Şurasının
22 iyun 2007-ci il tarixli
qərarı ilə təsdiq edilmişdir.


Hakimlərin Etik Davranış Kodeksi (bundan sonra «Kodeks ») hakimlik fəaliyyətinin etik prinsiplərinin və standartlarının toplusudur. Kodeks hakimlər üçün spesifik əxlaq və ədəb tələblərini, onların peşə etikası məsələlərini, iş fəaliyyətindən kənar davranışını nizamlayır, peşə fəaliyyətinə münasibətini müəyyən edir.


I. Ümumi müddəalar


Maddə 1. Hakim bütün fəaliyyəti dövründə dövlətin, vətəndaşın və ədalət mühakiməsinin qarşısında onun məsuliyyətini təcəssüm etdirən hakim andına sadiq olmalı, səlahiyyətlərini həyata keçirərkən və xidmətdən kənar fəaliyyətində bu anda uyğun davranış nümayiş etdirməlidir.

Maddə 2. Hakim bütün hallarda Azərbaycan Respublikasının Konstitusiyasına riayət etməli, «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikasının Qanununu və digər normativ hüquqi aktları rəhbər tutmalı, cəmiyyətdə məhkəmə hakimiyyətinə, habelə hakimlərin müstəqilliyinə və qərəzsizliyinə hörmətin artmasına rəvac verməlidir.

Maddə 3. Ədalət mühakiməsinin həyata keçirilməsi üzrə vəzifələrin icrası hakimin fəaliyyətində üstün əhəmiyyətə malikdir.

Maddə 4. Hakim ona həvalə olunmuş işlərə baxarkən, öz vəzifəsini ləyaqətlə icra etməli, fəaliyyətində ədalətli, qərəzsiz və dəyanətli olmalıdır.

Maddə 5. Hakim hər bir şəraitdə şərəf və ləyaqətini qorumalı, məhkəmə hakimiyyətinin nüfuzuna, hakimin yüksək adına xələl gətirə, ədalət mühakiməsini həyata keçirərkən onun obyektivliyini və müstəqilliyini şübhə altına ala bilən hər cür davranışdan çəkinməlidir.


II. Peşə fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar hakimin davranış qaydaları


Maddə 6. Hakim öz peşə vəzifələrini vicdanla icra etməli, işlərə və materiallara vaxtında baxılması üçün qanunla nəzərdə tutulmuş bütün zəruri tədbirləri görməlidir.

Maddə 7. Hakim özünün peşə fəaliyyətinə heç bir şəxs, o cümlədən qohum, dost və tanış tərəfindən, hər hansı formada müdaxilə edilməsinə yol verməməlidir. İş üzrə qəbul ediləcək qərar özünün, ailə üzvlərinin və digər qohumlarının maraqlarına toxuna bilərsə, habelə qərəzsizliyi şübhə doğurarsa, hakim həmin işə baxılmasında iştirak etməkdən özü-özünə etiraz etməlidir.

Maddə 8. Hakim proseslərdə iştirak edən bütün şəxslərə (tərəflər, o cümlədən müdafiəçilər, dövlət ittihamçıları, həmçinin şahidlər və s.) eyni münasibət göstərməlidir. Hakim proses iştirakçılarından hər hansı birinə digərinə nisbətdə üstünlük verməməlidir. Hakim irqi, cinsi, dini və ya milli xarakterli fikir nümayiş etdirməməli, hər hansı diskriminasiyaya yol verməməlidir.

Maddə 9. Hakim yüksək məhkəmə mədəniyyətini nümayiş etdirməklə proses iştirakçılarının hər birinə qarşı münasibətdə ədəb və nəzakətlə davranmalı, prosesin bütün iştirakçılarından bir-birinə və məhkəməyə hörmətlə yanaşmağı tələb etməli, məhkəməyə qarşı aşkar hörmətsizlik göstərənləri cəzalandırmalıdır.

Maddə 10. Hakim hər hansı hakimiyyət və idarəetmə orqanlarının, habelə ayrı-ayrı şəxslərin təsiri altına düşməməli, ictimai rəy və ya tənqid onun tərəfindən qəbul edilən qərarların qanuniliyinə və əsaslılığına təsir etməməlidir. İşə kollegial baxılarkən, hakim qərarını onunla bir tərkibə daxil olan digər hakimlərin ifadə etdikləri fikirləri nəzərdən keçirilə, öz daxili inamına əsaslanmaqla qəbul etməlidir.

Maddə 11. İnzibati səlahiyyətlərə malik olan hakim (məhkəmənin sədri, məhkəmə sədrinin müavini, kollegiya sədri, habelə həmin vəzifələri müvəqqəti icra edənlər) həmin səlahiyyətləri vicdanla yerinə yetirməli, bundan digər hakimlərə qarşı təzyiq vasitəsi kimi istifadə etməməli, hakimlərin müstəqilliyini məhdudlaşdıran hər hansı hərəkətdən çəkinməlidir.

Maddə 12. Hakim vəzifələrinin icrası ilə əlaqədar ona məlum olmuş sirri yaymamalıdır. Başa çatmamış məhkəmə işləri ilə əlaqədar faktlar barədə və yaxud məhkəmə baxışına təyin olunmuş işlər haqqında şərhlər, izahat verməməli, ictimaiyyət və kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüşlərdə bu və ya digər məhkəmə işi barədə konkret fikrini bildirməməlidir. İşdən kənarda qanuni qüvvəyə minmiş məhkəmə qərarlarını və digər hakimlərin hərəkətlərini şübhə altında qoymamalıdır.

Maddə 13. Hakim icraatında olan işin aid olduğu şəxslərlə qeyri-prosessual münasibətlər yaratmamalı, onlarla bu cür ünsiyyətdən çəkinməlidir.

Maddə 14. Hakim məhkəmə baxışının aşkarlığı prinsipini gözləməlidir. Bu prinsip ancaq qanunvericilikdə müəyyən olunmuş hallarda məhdudlaşdırıla bilər.

Hakim kütləvi informasiya vasitələri nümayəndələrinin ictimaiyyəti məhkəmə orqanlarının fəaliyyəti barədə məlumatlandırmaqdan ibarət vəzifəsinə hörmətlə yanaşmalıdır. Əldə ediləcək informasiyadan məhkəməyə təsir göstərmək vasitəsi kimi istifadə olunacağına əsaslı şübhələr yoxdursa, hakim kütləvi informasiya vasitələri nümayəndələrinin işinə imkan yaratmalıdır.

Hakim hər hansı kütləvi informasiya vasitələri orqanı və ya nümayəndəsi ilə hakimin davranışına və məhkəmə prosesinin gedişinə nüfuz və ya təsir edə biləcək şəxsi əlaqələr qurmamalı, bu əlaqələrdən öz maraqları üçün istifadə etməkdən çəkinməlidir.

Maddə 15. Hakim ədalət mühakiməsinin həyata keçirilməsi üçün zəruri olan nəzəri və təcrübi bilik səviyyəsini daim inkişaf etdirməlidir.

Maddə 16. Hakim zahirən səliqəli olmalı, məhkəmə iclasını xüsusi geyimdə, məhkəmə hakimiyyətinin rəmzləri ilə təmin edilmiş iclas zalında aparmalı, prosessual sənədləri tərtib edərkən qanuna müvafiq olaraq hamıya aydın və dövlət dilinin tələblərinə cavab verən sözlərdən və məfhumlardan istifadə etməlidir.

Maddə 17. Hakim qulluq səlahiyyətlərindən istifadə edərək öz şəxsi və yaxud ailə üzvlərinin maraqlarını güdməyə və müdafiə etməyə haqlı deyildir. O, özünü elə aparmalıdır ki, onun ailə, ictimai və s. münasibətləri tutduğu vəzifəyə xələl gətirməsin.

Maddə 18. Hakim baxdığı işlə əlaqədar olaraq təşəkkür əlaməti kimi hədiyyə, sovqat və bəxşiş qəbul etməməli, işin həllinə təsir edə bilən xidmətlərdən çəkinməlidir.


III. Hakimin peşə fəaliyyətindən kənar davranış qaydaları


Maddə 19. Hakimin professional fəaliyyətindən kənar davranışı onun ədalətli, obyektiv, qərəzsiz olmasına kölgə salmamalıdır.

Maddə 20. Hakim peşə fəaliyyətinin həyata keçirilməsinə və məhkəmə hakimiyyətinin nüfuzuna xələl gətirməyən ictimai fəaliyyətdə iştirak edə, maraqlarının müdafiəsi, peşə hazırlığının artırılması və müstəqilliyinin qorunması üçün hakim assosiasiyaları yarada, onlara daxil ola bilər. Hakim, onun müstəqilliyini və ya qərəzsizliyini gözdən sala biləcək hər hansı fəaliyyətdən çəkinməlidir.

Maddə 21. Hakim heç bir seçkili və ya təyinatlı vəzifələr tuta bilməz, elmi, pedaqoji və yaradıcılıq fəaliyyətindən başqa heç bir sahibkarlıq, kommersiya və digər ödənişli fəaliyyətlə məşğul ola bilməz.

Maddə 22. Hakim siyasi partiyalara və hərəkətlara mənsub ola, onlara bu və ya digər formada dəstək göstərə, siyasi xarakter daşıyan kütləvi tədbirlərdə iştirak edə, siyasi baxışlarını açıq ifadə edə bilməz.

Maddə 23. Hakim məhkəmə sistemi, məhkəmə quruluşu, məhkəmə icraatı və digər hüquq məsələləri ilə bağlı qanunverici və icra hakimiyyəti orqanları, habelə yerli özünüidarə orqanları ilə qarşılıqlı fəaliyyət göstərə bilər, bu şərtlə ki, həmin fəaliyyət onun müstəqilliyinə və qərəzsizliyinə şübhə yaratmasın.


IV. Kodeksin hakimlərin fəaliyyətinin qiymətləndirilməsi ilə əlaqəsi


Maddə 24. Bu Kodeksin tələblərinin pozulması hakimin fəaliyyətinin qiymətləndirilməsi zamanı nəzərə alınır.

«Azərbaycan Respublikasının normativ aktlarının bülletenin»də dərc edilmişdir (2007-ci il, № 9-10, s. 3)


 



© 2005-2010, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası
Ünvan: Bakı şəhəri, Z. Xəlilov küç., 540-cı məhəllə, AZ1073, Azərbaycan
Telefon: (00994 12) 510-21-62 (Faks)
www.jlc.gov.az
info@jlc.gov.az