Əsas səhifə Saytın xəritəsi E-müraciət Qəbul Axtarış Əlaqə Linklər

    
        www.heydar-aliyev.org

    
               www.president.az

    
             www.azerbaijan.az

    
             www.courts.gov.az

    
        www.constcourt.gov.az

    
   www.supremecourt.gov.az

    
             www.justice.gov.az

    
                www.e-qanun.az


  Yeni:  
ƏLCƏZAİR İLƏ İLK DÖVLƏTLƏRARASI MÜQAVİLƏ İMZALANIB

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan hərtərəfli islahatlar çərçivəsində Ədliyyə Nazirliyi tərəfindən mütərəqqi beynəlxalq təcrübəyə böyük əhəmiyyət verilir, bu məqsədlə bir çox xarici dövlətlərin Ədliyyə nazirlikləri ilə səmərəli ikitərəfli əlaqələr qurulub.

Ötən il respublikamızın ədliyyə nazirinin Əlcəzair Xalq Demokratik Respublikasına səfəri zamanı Ədliyyə nazirlikləri arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanması iki ölkə arasında bağlanmış ilk sənəd olmaqla ikitərəfli münasibətlərin inkişafına təkan verib. Eyni zamanda, ekstradisiya haqqında müqavilə layihəsi hazırlanaraq razılaşdırılıb və Əlcəzair Ədliyyə Nazirliyi nümayəndə heyətinin cari ilin əvvəlində ölkəmizə səfəri zamanı paraflanıb.

Həmin sənədin imzalanması məqsədilə Əlcəzair Xalq Demokratik Respublikasının ədliyyə naziri Tayeb Louh nümayəndə heyəti ilə Azərbaycana rəsmi səfərə gəlib.

İyunun 21-də Əlcəzair nümayəndə heyəti əvvəlcə Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad edərək məzarı önünə əklil qoyub. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılaraq, məzarı üzərinə tər çiçəklər düzülüb. Qonaqlar həmçinin, Şəhidlər Xiyabanında ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş həmvətənlərimizin məzarlarını ziyarət edərək Əbədi məşəl abidəsi önünə əklil qoyublar.

Sonra Ədliyyə Nazirliyində respublikamızın ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovun və Əlcəzairin ədliyyə naziri Tayeb Louhun görüşü keçirilib.

Azərbaycan və Əlcəzair arasında əlaqələrin inkişaf etdirilməsində hər iki ölkənin dövlət başçıları cənab İlham Əliyevin və cənab Abdelaziz Boutefilkanın siyasi iradəsini qeyd edən nazir F.Məmmədov "İslam Həmrəyliyi İli" elan olunmuş 2017-ci ildə Əlcəzairə səfərini və keçirilmiş rəsmi görüşləri məmnunluqla xatırladıb, nazirliklərarası Anlaşma Memorandumunun qarşılıqlı fəaliyyətin genişləndirilməsində yeni səhifə açdığını söyləyib, hazırkı səfərin ölkələrimiz arasında əlaqələrin dərinləşməsinə əlavə təkan olacağına əminliyini ifadə edib.

Nazir respublikamızın müstəqillik illərində keçdiyi inkişaf yolundan bəhs edərək ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərini vurğulayıb, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılan nailiyyətlər, ədliyyə və məhkəmə sisteminin müasirləşdirilməsi üzrə həyata keçirilən tədbirlər barədə məlumat verib.

Azərbaycana ilk dəfə səfər etməsindən məmnunluğunu ifadə edən Tayeb Louh ölkələrimiz arasındakı tarixi əlaqələrin genişləndirilməsinə dövlət başçılarının xüsusi önəm verdiyini, hər iki ölkənin Ədliyyə nazirliklərinin bu istiqamətdə səylə çalışdığını vurğulayıb, imzalanmış Anlaşma Memorandumunun hüquqi sahədə əməkdaşlığın dərinləşməsinə xidmət etdiyini bildirib.

Qonaq həmçinin, Azərbaycanda ədliyyə sisteminin müasirləşdirilməsi, innovasiyaların tətbiqi sahəsində əldə olunan nailiyyətləri təqdir edib, səfər zamanı Azərbaycan brendi olan ASAN mərkəzləri ilə tanışlıqdan heyranlığını ifadə edib, ASAN-ın göstərdiyi xidmətləri maraqla qarşılayaraq bu sahədə təcrübəmizlə daha yaxından tanış olmaq barədə istəklərini bildirib.

Əlcəzairli nazir qarşılıqlı fəaliyyətin və təcrübə mübadiləsinin əhəmiyyətini qeyd edib, səmimi qonaqpərvərliyə və səfərin yüksək səviyyədə təşkil olunmasına görə minnətdarlığını bildirib.

Söhbət zamanı həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin acı nəticələri, Ermənistanın torpaqlarımıza qarşı davam edən hərbi təcavüzü və bir milyondan çox soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi faktı qonaqların diqqətinə çatdırılıb.

Sonra Azərbaycan və Əlcəzair arasında ekstradisiya haqqında müqavilə imzalanıb. Mərasimdə bəyanatlarla çıxış edən nazirlər qeyd ediblər ki, imzalanan bu mühüm sənəd ilk dövlətlərarası müqavilə olmaqla cinayət əməli törətmiş şəxslərin təslim edilməsi sahəsində qarşılıqlı fəaliyyətin həyata keçirilməsinə, ölkələrimizin ədliyyə və məhkəmə orqanları arasında əlaqələrin möhkəmlənməsinə xidmət edəcək, cinayətkarlığa qarşı mübarizəyə töhfə verəcəkdir.

Qonaqlar nazirlikdə bu il 100 illiyi qeyd olunan Azərbaycan Ədliyyəsinin tarixi muzeyi ilə tanış olub, nümayəndə heyətinə müasir ədliyyə fəaliyyətinə və məhkəmə-hüquq islahatlarına dair, həmçinin iki ölkə arasında hüquqi əlaqələri, habelə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumatları əks etdirən xüsusi jurnallar və əyani vəsaitlər təqdim edilib.

Tədbirin yekununda KİV nümayəndələrinə müsahibə verilib.

Həmin gün əlcəzairli nazirin Azərbaycan Respublikasının Baş naziri ilə, həmçinin Milli Məclisdə və Baş Prokurorluqda görüşləri olub.

Səfər zamanı Konstitusiya və Ali məhkəmələrdə də rəsmi görüşlərin keçirilməsi, Əlcəzair ədliyyə nazirinin hakimlər, hakimliyə namizədlər, ədliyyə işçiləri, vəkillər və prokurorluq əməkdaşları üçün mühazirəsi, eləcə də nümayəndə heyətinin müasir məhkəmə infrastrukturu və elektron məhkəmə sisteminin tətbiqi, habelə paytaxtın mədəni və tarixi abidələri ilə tanışlığı nəzərdə tutulur.









Çap et

21.06.2018
 





© 2005-2010, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası
Ünvan: Bakı şəhəri, Z. Xəlilov küç., 540-cı məhəllə, AZ1073, Azərbaycan
Telefon: (00994 12) 510-21-62 (Faks)
www.jlc.gov.az